Çin milyarderi və “Alibaba Group”un qurucusu Cek Ma Tokio Universitetinə professor qismində dəvət edilib. Məlumata görə, Cek Ma ilə müqavilənin müddəti oktyabr ayında başa çatır. Sahibkar rəhbərlik və biznesə başlamaq barədə mühazirələr deyəcək və tədqiqat mövzularında tələbələrə məsləhətlər verəcək.
Xatırladaq ki, 2020-ci ildə iş adamı Çin hakimiyyətinin siyasətini tənqid etmişdi. Şirkətinin birjaya çıxmasının qarşısı alındıqdan sonra Cek Ma ölkəni tərk edib. “Financial Times” Çin hakimiyyətinin “sərt tədbirləri” fonunda sahibkarın bir müddət Tokioda yaşamağa qərar verdiyini yazıb.
2023-cü ilin mart ayının sonunda Cek Ma vətəninə qayıdıb. “Wall Street Journal”ın bildirdiyinə görə, bundan bir qədər əvvəl Çin Kommunist Partiyasının nümayəndələri Cek Ma ilə əlaqə saxlayıblar və onun ölkəyə qayıtmalı olduğunu deyiblər.
“Bloomberg” həmçinin Çin hakimiyyətinin sahibkarın geri qayıtmağa və işgüzar ictimaiyyətə dövlət dəstəyini nümayiş etdirməyə kömək etməyə çalışdığını yazıb.