Bu il dünyada 2 milyard 785 milyon ton səviyyəsində proqnozlaşdırılan ümumi buğda istehsalı indiyəqədərki ikinci ən böyük istehsal həcmi ola bilər.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna dair məlumatda deyilir.
Bildirilib ki, aprel ayında Avropada əksər ölkələrdə yüksək miqdarda yağıntıların olması torpağı “doyuzdurub” və bu, 2023-cü ildə buğda məhsulu üçün perspektivləri yaxşılaşdırıb.
Bunun nəticəsində FAO-nun Avropa İttifaqı üzrə hasilat proqnozu bir qədər artırılaraq 139,5 milyon tona çatdırılıb. Eyni zamanda, İspaniya və Portuqaliyada yağıntı çatışmazlığının nəticələri hasilatın perspektivlərinə müəyyən qədər kölgə salıb.
“Rusiyada yağıntıların bərabər paylanması sayəsində ümumilikdə zəmilərin vəziyyəti yaxşıdır. 2023-cü ildə istehsal təxminən 83 milyon ton təşkil edəcək ki, bu da 2022-ci ilin rekord göstəricisindən aşağıdır”, – təşkilatın məlumatında deyilir.
FAO-nun 2022-2023-cü illər mövsümü üçün qlobal taxıl istehsalı üzrə hazırkı proqnozu ötən ayın proqnozu ilə müqayisədə 7,7 milyon ton artırılıb. Hazırda o, 2 milyard 785 milyon ton təşkil edir ki, bu da ötən ilki rekordla müqayisədə yenə də 1 % azdır.