Mayın 18-də Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.
Naxçıvan “ASAN xidmət” mərkəzi ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb, 2023-cü ilin may ayında inşası başa çatdırılıb. “ASAN xidmət” mərkəzində videomüşahidə, görüntüləmə və videonövbə sistemləri, 2 ədəd lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma, istilik sistemi, generator və UPS quraşdırılıb. “ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında yerləşir. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Əməkdaşların ümumi sayı 228, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. “ASAN xidmət” mərkəzinin ərazisində 50 avtomobil üçün parklama yeri yaradılıb. Mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe” nəzərdə tutulub.