“Bloomberg”in açıqladığı məlumata görə milyarderlər Vahid Ələkbərov və Vladimir Potanin Yandex-in nəzarət paketini (51 %) almaq istəyirlər. Bu məqsədlə sövdələşmələrə başlanılıb.
Banker.az bu məlumatı ekspert Osman Gündüzə istinadən xəbər verir.
Ekspert bildirib ki, burada söhbət Yandex-in Rusiya və keçmiş MDB məkanı üzrə fəaliyyət göstərəcək şirkətinin yaradılmasından gedir. Digər 49% isə Niderlandda yerləşən Yandex-ə məxsus olacaq.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsindən sonra sanksiyalara məruz qalan bu şirkətdə xeyli çaxnaşmalar olub. Qurumun göstərdiyi xidmətlərin adları, brendləri dəyişib, qurumun əsas icraediciləri dəyişib, yeni adlar peyda olub, sanksiyalardan yaxa qurtarmaq üçün müxtəlif ölkələrdə oturuşmağa üz tutublar.
Ekspert həmçinin bildirib ki, əgər milyarderlərin Yandex-lə sövdələşməsi baş tutsa gözləmək olar ki, onun MDB-də fəaliyyəti, xüsusi çəkisi hədsiz dərəcədə artacaq. Adı çəkilən sövdələşməyə görə Yandex-in süni intellekt, pilotsuz avtomobillər, bulud texnologiyaları və s. xidmətləri xaricdə olacaq, market, taksi, təhsil, e-ticarət və s. xidmətləri MDB ərazisində cəmləşəcək.
Düşünmək olar ki, Yandex Azərbaycan bazarındakı xüsusi çəkisini də artırmaq istəyəcək. Azərbaycanın taksi bazarında isə son dövrlərədək əsasən xarici şirkətlər hökmranlıq edirdi. Hələlik vəziyyət dəyişməyib. Bizim taksi bazarının əsas oyunçuları olan Uber və Yango Rusiyanin Yandex şirkətinə məxsusdur.
Son günlərdə isə PAŞA Holdinq Azərbaycanın taksi bazarına daxil olacağını və bu məqsədlə Ukraynanın Uklon şirkəti ilə əməkdaşlığa başladığını bildirib. Uklon-un da bazara daxil olmaq üçün artıq ciddi işlərə başladığı bildirilir. Beləliklə , düşünmək olar ki, yaxın perspektivdə Azərbaycanın taksi bazarında əsas rəqabət Yandex və Uklon (PAŞA Holdinq) arasında ola bilər.
Qeyd edək ki, 3 gün öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə xarici taksi şirkətlərin nümayəndələrinə bildirilib ki, Azərbaycan vətəndaşlarına məxsus datanın xarici ölkələrdə yerləşməsi “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq tapşırılıb.