10 C
Baku
Friday, December 13, 2024

Koreya bankları Azərbaycanda karbamid zavodunun inşasını maliyyələşdirəcək

Sumqayıtda karbamid zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Koreya “Eximbank”ları ilə danışıqlar aparılır. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

O qeyd edib ki, danışıq əsasında artıq 6 aylıq kreditləşmə həm görülən iş, həm də uzunmüdddətli avadanlıq alınması üçün cəlb olunub. Onun sözlərinə görə, iki “Eximbank”dan alınan bu məbləğ 150 mln. dollar həcmindədir.

S.Qasımov hazırda əsas müqavilənin şərtlərinin razılaşdırılması üçün danışıqlar aparıldığını və bu məqsədlə gələn həftə Koreya nümayəndələrinin Bakıya gələcəyini qeyd edib.

Onun sözlərinə görə, karbamid zavodunun tikintisi üçün tələb olunan bütün vəsaiti bu “Eximbank”lar təmin edəcək: “Bu, dövlət vəsaiti hesabına maliyyələşən layihə idi. Maliyyə Nazirliyi tərəfindən bu illər ərzində müəyyən vəsait ayrılıb. Sonradan neftin qiymətinin düşməsi ilə əlaqədar layihənin maliyyələşdirilməsi formasının tətbiqi ilə bağlı məsələ qaldırılıb. Ona görə də “Samsung” şirkəti ilə Koreya “Eximbank”larının bu layihəyə maliyyə ayırması üçün danışıqlara başladıq. Banklar bu layihənin “Samsung” tərəfindən həyata keçirildiyini və bu layihənin dövlət zəmanətli olduğunu nəzərə alaraq vəsait ayrılmasına razılıq verib”.

Qeyd edək ki, karbamid zavodunun inşası layihəsi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədilə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 24 hektarlıq torpaq sahəsi ayrılıb və 2011-ci il 19 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib.

2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə Layihələndirmə, Satınalma və Tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “Samsung Engineering Co. Ltd” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında zavodu tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Müqavilə çərçivəsində “Samsung Engineering Co. Ltd.” zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və zavodun istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək.

Zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, sutkada 2 min ton karbamid istehsal ediləcək. Layihənin dəyəri vergilər nəzərə alınmadan 500 mln. avro təşkil edir.

Report

Son xəbərlər
Digər xəbərlər