Bəzi vətəndaşlar kommunal xidmətlərdən qanunsuz formada yararlanmağa çalışırlar.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyir ki, işin effektivliyini artırmaq məqsədilə yaradılan işçi qrupu həm regionlarda, həm də Bakı və Abşeronda 24 saat ərzində fəaliyyətini davam etdirir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə deyir ki, su şəbəkəsinə qanunsuz qoşulma hallarına əsasən Bakı ətrafı ərazilərdə – Sabunçuda, Suraxanı Bağlar massivi və Binəqədi rayonlarında rast gəlinir. Xüsusilə, rieltorlar tərəfindən tikilmiş evlərdə belə faktlar daha çox aşkarlanır.
Millət vəkili Nurlan Həsənov da bildirib ki, məsələ ilə bağlı qanun layihəsində artıq bir sıra dəyişikliklər edilib. Belə ki, kommunikasiya xətlərinə qanunsuz qoşulma hallarına qarşı cərimələr müəyyənləşib. Qaydaları pozanları hətta həbs cəzası da gözləyir.
Millət vəkili onu da qeyd edib ki, cərimə və ya həbs cəzasının tətbiqi dəymiş ziyanın həcminə və ağırlığına əsasən olaraq müəyyən olunacaq. (Xezerxeber.az)