Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Banker.az bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.
Məlumata görə, iclas Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilib. İclasda Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvləri də iştirak edib, gündəliyə uyğun olaraq Cəmiyyətin 2022-ci il üzrə audit olunmuş, konsolidə edilmiş maliyyə hesabatları təqdim olunub, geniş müzakirələrdən sonra hesabatı Müşahidə Şurası yekdilliklə qəbul edib.
İclasda həmçinin, Cəmiyyətin 2022-ci il üzrə büdcəsinin icrasını və idarəetmə hesabatını Müşahidə Şurası bəyənərək qəbul edib, Cəmiyyətin qiymət siyasəti, 2023-cü il üzrə Strateji tədbirlər planı təsdiq edilib.
İclasda ASCO-nun cari fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Müşahidə Şurası ölkə prezidentinin 11 fevral 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb.