Rusiya Prezidenti Vladimir Putin Azərbaycana yeni səfir təyin edib. Putinin fərmanına əsasən, Mixail Nikolayeviç Yevdokimov Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O, yeni təyinata qədər MDB ölkələrinin Birinci Departamentinin direktoru olub.
Mixail Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis və fransız dillərini bilir.
O, 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemindədir. Nazirliyin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə, o cümlədən İqtisadi Əməkdaşlıq Departamentində şöbə müdiri (1996-97), Rusiyanın BMT yanındakı Daimi Nümayəndəliyi və Cenevrədəki digər beynəlxalq təşkilatlarda baş məsləhətçisi (1997-2001), Ümumavropa Əməkdaşlıq Departamentinin şöbə müdiri (2001-02), Ümumavropa Əməkdaşlıq Departamentinin direktor müavini (2002-11), MDB ölkələri üzrə birinci departamentin direktor müavini (2011-ci ilin may-noyabr ayları) olub.