11 C
Baku
Monday, November 25, 2024

Ləğv prosesində olan “Günay Bank”da qorunan əmanətlər üzrə kompensasiya ödənişləri başlayıb

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.

Bildiririk ki, LPO “Günay Bank” ASC – də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC vasitəsilə bu gündən etibarən – 19 iyun 2023-cü il tarixdən artıq başlamışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan “Günay Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər. 

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Bank Respublika” ASC-nin ölkə üzrə istənilən filial və şöbələrinə (saat 09:00-dan 17:30-dək) müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bildiririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir. Əlavə olaraq qeyd edək ki, bankın filial və şöbələrinin yerləşdiyi ünvanlar haqqında ətraflı məlumatı www.bankrespublika.az saytından əldə edə bilərlər. 

Məlumat üçün qeyd edək ki, əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir. 

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun www.adif.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər