“ChatGPT” çat-botu ətrafındakı həyəcan böyük investorları “Meta”, “Nvidia”, “Microsoft” və “Google” kimi texnoloji nəhənglərin səhmlərini almağa sövq edib. “Business Insider”in qiymətləndirməsinə görə, 2023-cü ildə bu şirkətlərin rəhbərlərinin sərvəti 150 milyard dollardan çox artıb.
Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.
“Bloomberg Billionaires Index”in məlumatına görə, “Meta” səhmləri 134% artıb və Mark Zukerberqin xalis sərvəti 56.8 milyard dollara çatıb. Dünyanın ən varlı adamları siyahısında CEO 10-cu yeri tutur.
“Oracle” biznes proqram təminatı şirkətinin yaradıcısı Larri Ellison ən zəngin insanlar siyahısında ilk dəfə Bill Qeytsi geridə qoyub: o, “Bloomberg” reytinqində dördüncü yeri tutur. Onun sərvəti 2023-cü ildə 46.6 milyard dollar artaraq 138 milyard dollara çatıb. “Oracle” səhmləri il ərzində 50%-dən çox bahalaşıb.
Bu arada Bill Qeyts 24 milyard dollar varlanıb və dünyanın ən varlı adamları siyahısında beşinci yeri tutub. “Microsoft”un səhmləri ilin əvvəlindən bəri 42.7% artıb və iyunun 17-də NASDAQ-da qiymətli kağızlar hər biri 351.47 dollar olmaqla tarixi maksimuma yüksəlib.
“Nvidia”nın qurucusu Censen Huangın xalis sərvəti iki dəfədən çox artaraq 24.5 milyard dollara çatıb. GPU tərtibatçısının səhmləri ilin əvvəlindən bəri 192.13% artıb. May ayının sonunda “Nvidia” ilk 1 trilyon dollarlıq çip istehsalçısı olub. Bununla belə, ticarətin bağlanışına qədər şirkətin bazar dəyəri 990 milyard dollara düşüb.