Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 11 099 nəfər və ya 0,1% artaraq 2026-cı il iyulun 1-i vəziyyətinə 10 273 450 nəfərə çatıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 798 doğulan körpə qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğulanların sayı 9-dan 8-ə enib.
Doğulan körpələrin 53,5%-i oğlan, 46,5%-i isə qız uşaqları olub. Körpələrdən 1 420-si əkiz, 57-si isə üçəm doğulub.
Cari ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm hallarının sayı 5,8-dən 6-a yüksəlib.
Hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19 224 nikaha daxilolma və 9 776 boşanma halı qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.









