10 C
Baku
Wednesday, November 27, 2024

16 müəssisəyə rəhbərlik edən şəxs külli miqdarda vergi borcuna görə həbs edilib

Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq faəliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.

Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Alməmmədov Mehman Allahverdi oğludur. Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade” MMC, “Klassik Trade Group” MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.

Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, Mehman Alməmmədovun Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin istintaqdan yayındığı üçün axtarışa verilib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə ittiam aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli hökmü ilə Alməmmədov Mehman Allahverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 06.12.2022-ci il tarixli hökmü ilə o, digər bir cinayət işi üzrə CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il sahibkarlıq sahəsində vəzifə tutma, 3 il azadlıqdan məhrumetmə cəzasına əvvəlki cəza əlavə olunaraq, ümumilikdə 2 il 6 ay müddətində sahibkarlıq sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Son xəbərlər
Digər xəbərlər