Avqust ayında Səudiyyə Ərəbistanının gündəlik neft istehsalı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.
Səudiyyə Ərəbistanı OPEC-ə ötən ay xam neft hasilatının azalmağa başladığını və ABŞ ilə İran arasında gərginliyin yenidən artmasının krallığın ixrac yollarını daraltdığını açıqlayıb. Ər-Riyad OPEC katibliyinə ölkənin neft hasilatının 1 milyon 900 min barel azalaraq 6 milyon 238 min barelə düşdüyünü bildirib. Səudiyyə Ərəbistanının bildirdiyi göstərici hətta aprel ayında qeydə alınan və Körfəz müharibəsi dövründəki minimum səviyyədən də aşağıdır.
Səudiyyə Ərəbistanı OPEC-ə bildirib ki, saxlama çənlərindən neft hərəkətlərini də əhatə edən bazara tədarük rəqəmi avqust ayında gündəlik 7 milyon 122 min barel olan istehsal səviyyəsindən yuxarı olub.
Ekspertlərin fikrincə, OPEC-in lider ölkəsinin yaşadığı hasilatdakı bu azalma ABŞ-İran münaqişəsinin Yaxın Şərq enerji istehsalçılarına təsirini göstərir. Bu həftə Körfəzdə neft tankerlərinə yeni hücumlardan sonra “Brent” markalı xam neftin bir barelinin qiyməti 100 dollardan yuxarı qalxıb.
“Bloomberg”ə görə, Səudiyyə Ərəbistanının xam neft ixracı avqust ayında təxminən üçdəbir nisbətində azalaraq gündəlik təxminən 3 milyon barelə düşüb.
Səudiyyə Ərəbistanının neft hasilatının 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşməsi xəbərindən sonra “Brent” neftinin qiyməti 105 dolları keçib. Neft, təbii qaz və dizel yanacağının qiymətlərində kəskin artımlar enerjiyə dair qlobal inflyasiyanın yeni dalğası ilə bağlı narahatlıqları da artırıb.







