10 C
Baku
Thursday, December 12, 2024

Təchizatçıların bu hallarda dövlət satınalmalarında iştirakına yol verilməyəcək

Azərbaycanın beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycanın diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalarda iştirak edə biləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu Qanuna əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.

Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.

Həmçinin sənəddə deyilir ki, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:

– təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;

– təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;

– təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

– satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Aşağıdakı şəxslər satınalmalar zamanı satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi, kənar məsləhətçisi və ya satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola, o cümlədən satınalmaya dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər:

– təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan şəxslər;

– keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər.

– Bu Qanunda nəzərdə tutulmuş hallar aşkar edildikdə satınalma komissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırır və həmin satınalma ilə bağlı komissiyada iştirak etmir.

– Bu Qanunun müddəaları ehtimal olunan qiymətlərin hesablanması zamanı satınalan təşkilat tərəfindən sorğu verilmiş və qiymətlər barədə məlumat alınmış təchizatçılara şamil olunmur.

– Bu Qanunda qeyd olunan məlumatlar nəzarət orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilir.

– Satınalan təşkilat bu Qanunda qeyd olunan məlumatları təchizatçıların təqdim etdiyi sənədlərd (məlumatlar), dövlət orqanlarının (qurumlarının) rəsmi internet səhifələri və digər etibarlı, müstəqil mənbələr vasitəsilə yoxlayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər