ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi ABŞ-ın növbəti maliyyə ili (oktyabrın 1-dən başlayır) üçün 886,3 milyard dollarlıq müdafiə büdcəsi layihəsini qəbul edib.
Büdcə layihəsində həmçinin Ukraynaya hərbi yardım və Rusiyanı Avropada dayandırmaq üçün vəsait də nəzərdə tutulub.
Komitənin saytında yayımlanan səsvermədə 58 konqresmen təşəbbüsü dəstəkləyib, yalnız 1-i onun əleyhinə çıxıb. Əvvəlcə 858 milyard dolların ayrılması nəzərdə tutulan büdcə layihəsi ilə bağlı 17 saat davam edən müzakirədə layihəyə 800-dən çox dəyişiklik edilib. İndi sənəd tam tərkibli Nümayəndələr Palatası tərəfindən müzakirə olunacaq.
İzahat qeydində vurğulandığı kimi, müdafiə büdcəsi layihəsində Ukraynanın ATACMS operativ-taktiki raket sistemləri ilə təchiz edilməsi üçün 80 milyon dollar nəzərdə tutulub. Konqresmenlər həmçinin Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (Ukraine Security Assistance Initiative, USAI) çərçivəsində rəsmi Kiyevə 300 milyon dollar yardım göndərmək niyyətindədirlər. Vəsait Ukrayna Silahlı Qüvvələrini taktiki raketlər, zərbə PUA-ları ilə təchiz etmək, Kiyevi silahla təmin edən ABŞ və müttəfiqlərinin arsenallarını artırmaq üçün nəzərdə tutulur.