Azərbaycan iqtisadiyyatında 2026-cı ilin yanvar-avqust aylarında real artım 1,2% təşkil edib. Bu dövrdə ümumi daxili məhsulun (ÜDM) həcmi 87 milyard 709,5 milyon manat olub. İqtisadi artımın tempi yanvar-iyul aylarında qeydə alınan 1,4%-dən aşağı düşüb.
Banker.az bunu Dövlət Statitika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektorunda ÜDM real ifadədə 0,8% azalıb. Yanvar-iyul aylarında bu sahədə azalma 0,6% təşkil edirdi. Hesabat dövründə neft-qaz ÜDM-i 26 milyard 181,9 milyon manat olub.
Qeyri-neft-qaz sektorunda isə artım davam edib. Bu sahədə ÜDM 2,1% artaraq 61 milyard 527,6 milyon manata çatıb. Qeyri-neft-qaz iqtisadiyyatının artım tempi də əvvəlki dövrlə müqayisədə zəifləyib: yanvar-iyul aylarında 2,2% olub.
Maliyyə Nazirliyi 2026-cı il üzrə ÜDM-in real artım proqnozunu 1,7% səviyyəsində saxlayaraq iqtisadiyyatın ilin sonunda 138 milyard manata çatacağını gözləyir. Qeyri-neft ÜDM-inin isə 3,1% artaraq 100 milyard manata çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, qeyri-neft-qaz sektorunun artım proqnozu əvvəlki 5%-dən 3,1%-ə endirilib. Nazirlik bu dəyişikliyi, xüsusilə tikinti və turizm sektorlarında artım tempinin əvvəlki gözləntilərdən aşağı olmasını səbəb gətirib.
Maliyyə Nazirliyi eyni zamanda 2026-cı il üzrə orta illik inflyasiya proqnozunu əvvəlki 4,8%-dən 5,7%-ə yüksəldib. Proqnozun artırılmasına ilin ilk yarısında formalaşan faktiki inflyasiya, qlobal əmtəə və ərzaq qiymətlərindəki dəyişikliklər, onların idxal qiymətlərinə təsiri və tənzimlənən tariflərdəki dəyişikliklər səbəb olub.








