Avropa Komissiyası nağd pul və əskinasların dövriyyəsini saxlamaqla elektron avronun tətbiqini təklif edir.
Bu barədə məlumat Avropa Komissiyasının saytında dərc olunub.
“Avropa Komissiyası bu gün vətəndaşların və müəssisələrin avro zonasında əskinas və sikkələrlə ödəniş edə bilməsini təmin etmək, habelə avronun yeni rəqəmsal formasının mümkün tətbiqi üçün plan yaratmaqla bağlı iki təklif dərc edib”, deyə məlumatda qeyd edilir.
Avrozonada və ondan kənarda aparılan sorğu göstərib ki, respondentlərin təxminən 60%-i nağd puldan istifadə imkanını saxlamaq istəyir. Eyni zamanda, Aİ-də getdikcə daha çox insan bank kartları və ya ödəniş proqramlarından istifadə edərək elektron ödənişlər edir ki, bu da COVID-19 pandemiyası zamanı xüsusilə nəzərə çarpır.
Avropa Komissiyasının ilk tənzimləyici təklifi nağd avro valyutasını qoruyur ki, bu da onun ödəmə qabiliyyətini və avro zonasında fiziki şəxslər və müəssisələr üçün ödəniş vahidi kimi əlçatanlığını təmin edir. Bəzi Aİ ölkələrində bankomatların və bank filiallarının sayının azalması ilə əlaqədar nağd pula çıxışın məhdudlaşdırılması ilə bağlı problemlər artıq yaranmağa başlayıb. Bu problemin həlli milli hökumətlərin üzərinə düşməlidir.
İkinci tənzimləmə təklifi Aİ vətəndaşlarına və Avropa bizneslərinə nağd pulla yanaşı, geniş tədavülə malik, ucuz, etibarlı və sabit ödəniş vahidi olan avro elektron valyutasından istifadə etməklə ödənişlər etmək üçün əlavə imkanların verilməsini nəzərdə tutur. Belə bir addım beynəlxalq ödəniş vahidi kimi avronun mövqeyini və Aİ-nin monetar suverenliyini gücləndirməlidir. Avro elektron valyutasının dövriyyəyə buraxılması kriptovalyuta bazarının inkişafı baxımından da vacibdir.
Rəqəmsal avrodan istifadənin asanlığı üçün hətta internetə çıxış olmadıqda belə, adekvat ödəniş etibarlılığı və şəxsi məlumatların mühafizəsi ilə “cihazdan cihaza” ödəniş imkanının təmin edilməsi təklif edilir.
Bu təkliflərin Avropa Parlamenti və Aİ Şurası tərəfindən rəsmi qəbulundan sonra yekun qərarı Avropa Mərkəzi Bankı verəcək.
Xəbər verildiyi kimi, Avropa İttifaqı qurum ölkələrində islahatların dəstəklənməsi və maliyyə sabitliyinin gücləndirilməsi, xüsusilə də vahid Avropa valyutasının dövriyyəsinin yayılması üçün məqsədyönlü siyasət həyata keçirir. Bu gün Avroqrupa 20 ölkə daxildir: Avstriya, Belçika, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, İspaniya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya və Xorvatiya.