Öz əməkdaşlarına və həmkarlarına işini nə qədər sevdiyini və onlara nə qədər dəyər verdiyini söyləmək üçün xüsusi fürsətlər, bayramlar və ya şənliklər, ad günü tədbirlərini gözləmək lazım deyil. Onların sizin biznesin inkişafına nə qədər töhfə verdiyini vurğulamaq üçün xüsusi mərasimləri gözləməyə dəyməz. İnanın ki, bunu mümkün qədər çox demək lazımdır. Əslində xoş gözlənilməzliklər işdə nə qədər çox olsa o qədər yaxşıdır. Bütün bu nüanslar sizə özünüzü tələb olunan və lazımlı insan kimi hiss etməyə icazə verəcək.
Bəs siz necə, öz əməkdaşlarınıza təşəkkür etməyi və onları tərifləməyi bacarırsınız? Bunu edə bilmək üçün sizin hər bir imkanınız var, yetər ki, güclü təxəyyülünüz olsun. İş yerində əməkdaşları tərifləmək və motivasiya etmək üçün çox saylı üsullar mövcuddur.
Əməkdaşlara və həmkarlara minnətdarlıq bildirməyin 10 sadə üsulunu sizə təqdim edirik:
1. Əməkdaşınız hər hansı bir işin öhdəsindən yaxşı gəldikdə ona tərif edin. Sizə məhz hansı məqamın daha çox xoş gəldiyini vurğulayın.
2. «Sağ ol!» kəlməsindən istifadə edin. Onların ümumi işin rifahı naminə çəkdiyi zəhmət və yatırımı nə qədər qiymətləndirdiyinizi söyləyin. Həmçinin “Zəhmət olmasa” və “Buyurun” kəlmələrinə də xəsislik etməyin. Sizin nəzakətli və lütfkar davranışınız əməkdaşlarınız tərəfindən mütləq layiqli qiymətini alacaq.
3. Hərdən bir onları xoş sorğu-suala tutun. Ailələri, evdəki vəziyyət, maraq dairələri ilə bağlı onlara sual verin. Boş vaxtlarında nə etdiklərini, hansı tədbirlərə baş çəkdiklərini, həftə sonlarını necə keçirdiklərini soruşun. Əməkdaşlarınız sizin səmimi maraq göstərdiyinizə inansalar (yəni bu sorğu-sual dindirmə prosesini oxşamasa), onda onlar özünü dəyərli hiss edəcək və onların qayğısına qalan bir insanın varlığına inanacaqlar.
4. Əgər mümkündürsə, öz əməkdaşlarınıza çevik məzuniyyət qrafiki təqdim edin. Əgər məzuniyyətlərin bölgüsü işiniz üçün müəyyən əhəmiyyət kəsb edirsə, elə bir nümunə qrafiki təklif edin ki, işçiləriniz bir-biriləri ilə razılaşaraq məzuniyyət vaxtını özləri təyin edə bilsinlər.
5. Yadda saxlayın ki, əməkdaşlar xırda sürprizləri və gözlənilməzlikləri diqqət əlaməti olaraq qəbul edir və əslində onlar bu tip jestləri çox sevirlər. Yaxşı təqdim olunmuş sürprizlər işçilərinizə gün ərzində qarşıya çıxan çətin tapşırıqların öhdəsindən həvəslə gəlməyə imkan verəcək.
6. Əgər imkanlarınız icazə verirsə, onda işçilərinizi həm də pul mükafatı ilə sevindirin, məsələn onlar müəyyən bir layihəni başa çatdıranda və ya müvafiq rüb başa çatdıqda onlara pul mükafatları verin. İşçilərə müxtəlif hədiyyə sertifikatları vermək də olduqca maraqlıdır. Həmçinin işçinin il ərzində qazandığı nailiyyətlərə və gətirdiyi gəlirə müvafiq olaraq, ilin sonunda onlara əlavə əməkhaqqı vermək olar.
7. Demək olar ki, hamı yaxşı yeməyi sevir. Birlikdə ad günlərini, bayramları qeyd edin, ya da elə belə öz kollektiviniz üçün süfrə açın. Süfrə arxasında olarkən, onlara öz arzu və planlarını bölüşdürməyi təklif edin. Qoy “dəvətlilər” də istəklərini bildirsinlər.
8. Bayramlar ilə bağlı öz adət-ənənələrinizi yaradın. Məsələn, ReCellular kompaniyasının əməkdaşları Yeni ildə almaq istəkləri hədiyyənin adını kağıza yazır, sonra onları bir yerə toplayırlar. Daha sonra hamı püşk olaraq, digər bir əməkdaşın arzusu yazılmış kağızı çəkir. Belə hədiyyə mübadilələrini istənilən bir bayramda təşkil etmək olar. Schaller Anderson Mercy Care Plan kompaniyasının kadrlar şöbəsinin əməkdaşı bu sahədəki təcrübəsini bizimlə paylaşır: «Biz şirin çərşənbə axşamlarını qeyd edirik. Bu Şükran bayramı ilə Milad bayramı arasında olan bütün çərşənbələrdir (Eyni adəti Novruz ərəfəsindəki ilaxır çərşənbələr ilə bağlı etmək olar) . Biz həmin gündə adətən bir-birini görməyən şöbə işçilərini bir yerə toplayırıq. Onlar bir-birinə dadlı şirniyyatlar (və ya digər yeməklər hədiyyə edirlər. Belə yanaşma işçiləri daha da ruhlandırır. Çünki bu onlara özlərinin kulinar bacarıqlarını və hadisələrə estetik baxışlarını nümayiş etdirmək imkanı verir. Həm də belə dadlı hədiyyələrdən kim imtina etmək istər ki?”
9. Arada bir işçilərinizi dadlı kökələrə, və ya digər ev şirniyyatlarına qonaq edin. Xüsusən də evdə bişirilmiş kekslər yüksək qiymətləndirilir. Dadlı şokoladların da həmişə yeri var!
10. Sonuncu və ən vacib. İnsanlara imkanlar yaradın. Məqsədyönlü əməkdaşlar daima inkişaf etmək və təkmilləşmək üçün müvafiq şərait və mühit arzusunda olurlar. Çalışın onlar üçün belə bir mühit yarada biləsiniz. Onlar istəyirlər ki, sahib olduqları talant, istedad və bacarıqlarını üzə çıxaracaq prosesinin bir hissəsinə çevrilsinlər. Iş ortamı onların gizli qabiliyyətlərini kəşf etsin. Onlar özünü büruzə verə bilsinlər. Belə olduqda onlar böyük məmnuniyyətlə öz peşəkar fəaliyyət sahələri ilə bağlı olan tədbirlərdə iştirak edəcək, sizin təşkilatı müxtəlif ictimai görüşlərdə təmsil edəcəklər.
Sizə yalnız ən vacib hesab etdiyimiz minnətdarlıq üsullarını təqdim etdik. Digər üsulları isə öz təxəyyül və təsəvvür qabiliyyətinizi işə salaraq özünüz də tapa və yarada bilərsiniz. Sonda onu deyək ki, öz əməkdaşlarınıza minnətdarlığınızı bildirmək üçün istənilən bir fürsətdən istifadə edin.