2024-cü il yanvarın 1-nə Azərbaycanın dövlət borcunun 17,536 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır.
Azərbaycanın xarici dövlət borcunun 10,847 milyard manat (6,381 milyard dollar), daxili dövlət borcunun isə 6,688 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır.
Gələn ilin 1 yanvar tarixindən başlayaraq Azərbaycan dövlət büdcəsində dövlət borcunun ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitin 49 faizi müddəti 5 ilədək olan öhdəliklərin, 42,6 faizi müddəti 10 ilədək olan öhdəliklərin və 8,4 faizi müddəti 10 ildən çox olan öhdəliklərin payına düşəcək.
Azərbaycanın yeni borc öhdəliyi üzrə faiz dərəcəsi gələn ildən yeni qaydalarla hesablanacaq. Belə ki, müddəti 10 ilədək olan öhdəliklərdə + 0,65 faiz baza dərəcəsi, 10-20 il olan öhdəliklərdə + 0,8 faiz baza dərəcəsi, müddəti 20 ildən çox olan öhdəliklərdə isə + 0,9 faiz baza dərəcəsi tətbiq olunacaq.
2024-cü il yanvarın 1-nə daxili dövlət borcunun 10,45 faizini daxili maliyyə bazarlarında buraxılan dövlət istiqrazlarının təşkil edəcəyi gözlənilir. Lakin ilin sonunadək tədavül müddəti 1 il olan dövlət istiqrazlarının dövriyyədə payının 13 faizədək, tədavül müddəti 2-3 il olan istiqrazların payının 66,1 faizədək, tədavül müddəti 5-7 il olan istiqrazların payının isə 20,9 faizədək azalacağı gözlənilir. Daxili borca xidmət xərcləri 265 milyon manat olacaq.
Qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16,151 milyard manat təşkil edib.