Qazaxıstan Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə daxil olmasının qarşısını almaq üçün qurudan taxıl idxalına qoyulan qadağanın daha 6 ay müddətinə uzadılmasına qərar verib.
Bu haqda Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyi açıqlama yayıb.
Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən taxılın ölkəyə girişinin qarşısının alınması üçün alınan qərar çərçivəsində bu dəfə təkcə qurudan deyil, dəmir yolu ilə də edilən taxıl idxalına qadağa qoyulacaq.
Qeyd edək ki, Qazaxıstan mətbuatında çıxan xəbərlərdə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən Rusiya taxılının üçüncü ölkələrə, xüsusilə Özbəkistan, Əfqanıstan və Tacikistana ucuz satıldığı bildirilirdi. Bu vəziyyətin Rusiya kimi taxıl ixracatçısı olan Qazaxıstanda daxili istehsala və daxili bazara mənfi təsir göstərdiyi, iqtisadiyyata ziyan vurduğu qeyd edilib.