Cəlilabadda aqrar sektorda müasir texnologiyaların tətbiqi genişlənir. Son bir neçə ildə çiyələk becərilməsində tətbiq olunan innovasiyalar məhsuldarlığın artmasına, su və torpaq resurslarından daha səmərəli istifadə olunmasına, istehsalda maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərir.
Rayonda yerli sahibkarların çiyələkçiliyin inkişafına marağı ilbəil artır. Təxminən ilin 9 ayı açıq əkin sahələrində becərilən çiyələk məhsulu, artıq payız fəslindən istixanalarda yetişdirilir. Hazırda rayonda yığımı davam etdirilən mühüm gəlirli sahə kimi dəyərləndirilən çiyələk sahələri 510 hektara çatdırılıb.
Fermer Aqil Bəşirov: “5-6 aydır ki, sahəmizdə çiyələk yığımı gedir. Biz 200 tondan yuxarı məhsul ixrac etmişik. Hazırda dövlətimizin dəstəyi nəticəsində yığdığımız məhsulları Rusiyanın şəhərlərinə ixrac edirik. Xaricdən gətirdiyimiz “murano” sortunu daha da inkişaf etdirmək, istixanalarımızda yeni sahələri artırmaq istəyirik. Hazırda məhsullarımızı Rusiyaya və ərəb ölkələrinə ixrac etmək üzərində işləyirik. Bizə digər ölkələrdən təkliflər də var. Bunun üzərində də işləyirik”.
Aqronom Aydın Musayev: “İki ildir çiyələk əkininə başlamışam. Xaricdən gətirdiyimiz İtaliya sortudur. “Murano” sortunu İtaliyadan almışıq, a+ deyilən bir sortdur. Çox gözəl, effektli bir sortdur. İkinci ildir əkirəm, çox gözəl məhsuldarlığı var. İndi bunu artırmaq fikrimiz var. İlin 9 ayı gözəl məhsul verir. Bazarda da üstünlüyü var. Alıcılar tərəfindən çox bəyənilmiş sortdur. Məhsuldarlığı da ildə 60-70 tondur. Şitil də özündən götürürük”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, təkcə ötən il çiyələk sahələrindən 15 min 280 ton keyfiyyətli məhsul tədarük olunub. Məhsulun yerli bazarla yanaşı, 12 min tona yaxını dünya bazarlarına daşınıb. Bununla yanaşı, ərəb ölkələrindən, İraq, Qazaxıstan və Belarusdan məhsulun ixracı ilə bağlı sahibkarlara sifarişlər gəlib. Ötən il istehsalçılar çiyələk satışından 6.8 milyon manat xalis gəlir əldə ediblər.
Cəlilabad DAİM-in mütəxəssisi Hafiz Kərimov: “Aqrotexniki qaydada suvarma, iqlim şəraiti əl verərsə, gələn il çiyələk sahəsinə olan maraq daha da artacaq. Fermerlərin növbəti ildə 600-700 hektar çiyələk sahəsi əkərlər”.
Qeyd edək ki, istehsalçılar yaz mövsümü başlayandan bu günədək sahələrdən 12 min 365 ton məhsul toplayıblar, məhsulun 10 min 900 tonu xaricə ixrac olunub.