Bankın filialının ləğvi ilə əlaqədar müəssisənin hesabları həmin bankın digər filialına köçürülüb. Bu zaman hesabın bağlanılması və digər filialda yeni hesabın açılması üçün banka təkrar müraciət olunmalıdırmı?
Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicilərinə məxsus hesabların, bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı, bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş formada, məlumatı hesabın köçürüldüyü tarixdən bir iş günü müddətində elektron qaydada dövlət vergi xidmətinə göndərir.
Qeyd olunanlara əsasən, müəssisə tərəfindən ləğv olunan filialdakı hesabın bağlanması və hesabın köçürüləcəyi digər filialda hesabın açılması üçün banka təkrar müraciət edilmir. Bank əməliyyatı aparan şəxsin özü tərəfindən hesabın köçürülməsi əməliyyatı həyata keçirilir və bu barədə məlumat hesabın köçürüldüyü tarixdən bir iş günü müddətində elektron qaydada vergi orqanına göndərilir.