14 C
Baku
Saturday, November 23, 2024

Naxçıvan Dövlət Universitetində yoxlama – Materiallar Baş Prokurorluğa göndərildi

Naxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hesablama Palatasının cari ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə etmişdir.

Bu barədə Hesablama Palatasından xəbər verilib.

Audit dövründə ümumilikdə Universitetə 30910.6 min manat məbləğində vəsait daxil olmuş, 30480.2 min manat məbləğində vəsait icra edilmişdir.

Universitetdə 737 ştat vahidi olmuş, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil etmiş, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14.1% artaraq 7376 nəfərə çatmışdır. Kontingentin 75.8%-ni bakalavr pilləsi əhatə etmiş, bütün təhsil pillələri üzrə cəmi tələbələrin 4.4%-i əcnəbi tələbələrdən ibarət olmuşdur.

Auditlə müəyyən edilmişdir ki, qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunmayaraq Universitetin Nizamnaməsi hüquqi aktlarla təsdiq edilmiş Nümunəvi Nizamnaməyə uyğunlaşdırılmamış, beləliklə də, Universitetin təşkilati-hüquqi forması təkmilləşdirilməmiş, müasir idarəetmə prinsipləri tətbiq olunmamışdır.

Təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açmışdır. Belə ki, Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunmuşdur.

Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilmiş, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunmuşdur.

01 yanvar 2023-cü il tarixinədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241.8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6985.1 min manat az icra edilmişdir. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə etmişdir.

Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761.6 min manat məbləğində az icra edilməsi ilə nəticələnmişdir.

Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297.2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnmiş, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94.0 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olmuşdur.

Hesablanmış və ödənilmiş əmək haqqı məbləğlərinin uyğunluğunun təmin edilməsi fonunda məcburi orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanılmaması bəzi hallarda artıq məzuniyyət haqlarının ödənilməsi, bir sıra hallarda hüquqi aktların tələblərinin tam nəzərə alınmaması məcburi ödənişlərin tutulmaması ilə nəticələnmişdir.

Auditlə əhatə edilən illərdə Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilmişdir.

Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilmişdir.

Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmış, 316.4 min manat dəyərində əskikgəlmə aşkar edilmiş, bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi maliyyə hesabatlarında zərər məbləğinin 2194.3 min manat təhrif olunması ilə nəticələnmişdir.

Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 01 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1701.0 min manat debitor və 35688.0 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469.5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70.4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınmışdır.

Qərarda Nizamnamənin hüquqi aktların tələblərinə uyğun şəkildə yenidən hazırlanaraq təsdiq edilməsi, audit prosesində aparılmış inventarizasiya ilə aşkar edilmiş artıq gələn, həmçinin natura formasında bərpa edilmiş dəyəri göstərilməyən aktivlərin, həmçinin Sosial Xidmət Mərkəzinin binasının qiymətləndirilərək müvafiq qaydada uçota alınması və Nizamnamə fondunun məbləğində əks etdirilməsi, Naxçıvan Dövlət Universiteti Xəstəxanası və Naxçıvan Musiqi Kolleci üzrə xərclərin maliyyələşdirilməsinə dair hüquqi çərçivənin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi qeyd olunmuşdur.

Kollegiya Qərarına əsasən əvvəlki illərdə podratçılar tərəfindən təhvil verilməyən maddi qiymətlilər üzrə əskikgəlmələr, həmçinin təmir-tikinti işləri, eləcə də xüsusilə əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər