13 C
Baku
Friday, November 22, 2024

İsrail Azərbaycan və Özbəkistanla buğda tədarükü ilə bağlı regional alyans yaradır

İsrail “ərzaq təhlükəsizliyini təmin etmək” üçün Azərbaycan və Özbəkistanla taxıl sazişləri imzalayıb.

Bu barədə İsrail mətbuatında bildirilir.

Məlumata görə, bu sazişlər Ukraynada davam edən müharibə səbəbi ilə yaranan qlobal ərzaq böhranı fonunda İsrailin bütün buğda ehtiyaclarını təmin edəcək.

İsrail Azərbaycan və Özbəkistanla imzaladığı saziş buğda tədarükü üçün müsəlman ölkələri ilə ilk regional alyansın yaradılmasına yönəldilib.

Saziş “uzunmüddətli”dir və İsrailin buğda mənbələrini diversifikasiya etmək istəyindən irəli gəlir.

Qeyd edək ki, COVID-19 pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsiri, İsrailin mal idxalını çətinləşdirib və kəskin qiymət artımına səbəb olub.

Buğdanın qarşılığında Azərbaycan və Özbəkistan İsraildən kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyalar alacaq.

İsrailin kənd təsərrüfatı naziri Avi Dixter dünən sazişin imzalanma mərasimində bildirib ki, qida təhlükəsizliyinin təmin edilməsi konsepsiyanın bir hissəsi olaraq, bu gün əksəriyyəti İsraildə istehsal olunmayan kənd təsərrüfatı məhsullarının təmin edilməsi üçün mühüm addım atdıq:

“Qlobal qeyri-müəyyənliyin hakim olduğu bu dövrdə bir çox ölkə ümumi maraqlar çərçivəsində bizimlə birlikdə irəliləmək istəyir. İsrail dövləti ilə digər ölkələr arasında daha çox tərəfdaşlıq yaratmağa davam edəcəyik, bununla da İsrail vətəndaşlarının ərzaq təhlükəsizliyini təmin edəcəyik”.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2 milyard insan aclıqdan əziyyət çəkəcək. Buna, Ukrayna müharibəsi ilə yanaşı, iqlim dəyişikliyi və buğda istehsalının azalması da təsir edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər