Astara rayonunun 40 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu barədə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, vəziyyət getdikcə daha kritik həddə çatır. Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının (SES) bəndi üçün dağılma təhlükəsi yaranıb. Hazırda su bəndin üst hissəsindən təqribən 2 metr hündürlükdə daşmaqdadır.
Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən uzunluğu 25, eni 10 metr olan dəmir-beton körpü dağılıb, Siyəku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati dairəsi üzrə nümayəndəliyin 2850 nəfər əhalisi olan 10 kəndi, Hamoşam kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilib.
Həmçinin, 700 nəfər əhalisi olan Siyakeş kəndində Pensərçay üzərində yerləşən uzunluğu 10, eni 4 metr olan dəmir körpünü sel aparıb.
Taxtanakəran-Toradi avtomobil yolunun 20-ci km-də torpaq sürüşərək 30 metr məsafədə yolu bağlayıb. Kijəbə-Pəlikeş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissədə torpaq sürüşmələri baş verib və yol bağlanıb.
Ərçivan çayının daşması nəticəsində qəsəbə ərazisində 200-ə yaxın ev və həyət su altında qalıb.
Şiyəkəran kəndində isə Pensərçayın üzərində yerləşən uzunluğu 42 metr olan və uzunluğu 54 metr olan iki asma körpü də sel nəticəsində uçub. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Komissiya tərəfindən daxil olan müraciətlər qeydə alınaraq zəruri tədbirlərin görülməsinə başlanılıb.