İsrail 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü səbəbindən silah-sursata tələbatın artması fonunda milli silahlarını ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib.
Bloomberg agentliyi bu barədə İsrailin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Hazırda İsrail istehsalı olan silahların ixracına icazə verilən dövlətlərin yenilənmiş siyahısına 61 ölkə daxildir, 2020-ci ildə isə onların sayı 42 idi. Eyni zamanda, israilli mütəxəssislər 17 ölkənin hərbçilərinə hazırlıq keçə bilər. 2020-ci ildə müvafiq saziş yalnız iki ölkə ilə imzalanmışdı.
İxrac müqavilələrinin sayının çoxalması Rusiya-Ukrayna müharibəsi nəticəsində silah bazarında tələbin artması ilə izah olunur. Ötən həftə İsrailin “Arrow 3” raketdən müdafiə sistemlərinin Almaniyaya tədarükü üzrə təqribən 4 milyard dollar həcmində müqavilə imzalanıb.
Müdafiə Nazirliyinin məlumatına görə, İsrail 2022-ci ildə 12,5 milyard dollarlıq silah satıb. İxracın 30 faizi Asiya-Sakit okean regionunun, 29 faizi Avropanın, 11 faizi Şimali Amerikanın, 3 faizi Afrika və Latın Amerikası ölkələrinin, 24 faizi isə “İbrahim sazişi” dövlətlərinin (Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan) payına düşüb.
Qeyd edək ki, İsrailin silah ixracı on ildə iki dəfə, son üç ildə isə 50 faiz artıb.