Elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib.
Banker.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Elektron əmtəə-nəqliyyat qaiməsi “Avtomobil nəqliyyatı haqqında” qanuna uyğun olaraq
avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, yükgöndərən tərəfindən tərtib edilməklə rəsmiləşdirilən sənəddir. Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu Qaydalara əlavə ilə müəyyən edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.
Elektron əmtəə-nəqliyyat qaiməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində (informasiya sistemi) yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində Azərbaycan dilində hazırlanır.
Elektron əmtəə-nəqliyyat qaiməsinin tərtibi zamanı yükgöndərən və ya yükalan gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil olaraq elektron əmtəə-nəqliyyat qaiməsini tərtib etməklə imzalayır və bu Qaydaların 3.3-cü və 3.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla təsdiq üçün qarşı tərəfin elektron kabinetinə göndərir. Daşınma müqaviləsi əsasında və ya digər qanuni əsaslarla haqq müqabilində yüklər daşınan zaman elektron əmtəə-nəqliyyat qaiməsini tərtib edən vergi ödəyicisi həmin qaiməni təsdiq üçün daşıyıcının informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməlidir. Vergi orqanında uçotda olmayan şəxsin yüklərinin daşınması zamanı tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsi kağız daşıyıcıda qanunvericiliyə uyğun olaraq çap edilərək vergi orqanında uçotda olmayan şəxs tərəfindən imzalanır. Yükalan və ya yükgöndərən gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq etməlidir. Yükalan və ya yükgöndərən tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilmədikdə, lakin həmin qaimədə qeyd olunan mallar üzrə tərtib olunmuş elektron qaimə-fakturalar təsdiq edildikdə həmin elektron əmtəə-nəqliyyat qaiməsi təsdiq edilmiş sayılır. Daşıyıcı daşıma başlanan anadək gücləndirilmiş elektron imza vasitəsilə informasiya sistemində elektron əmtəə-nəqliyyat qaiməsini təsdiq etməlidir. Daşıyıcı tərəfindən elektron əmtəənəqliyyat qaiməsinin təsdiq olunmaması həmin elektron əmtəənəqliyyat qaiməsinin rəsmiləşdirilməməsi hesab olunur. Daşıyıcı elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşınması üçün qəbul etməməlidir. Yükalan və ya yükgöndərən isə elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yükləri daşıma üçün təqdim etməməli, habelə onu qəbul etməməlidir. Əmtəə təyinatlı yüklər yükgöndərənin və ya yükalanın öz avtonəqliyyat vasitələri ilə daşındığı təqdirdə elektron əmtəə-nəqliyyat qaiməsini tərtib edən şəxs elektron əmtəə-nəqliyyat qaiməsinin “Daşıyıcı” sütununda bu barədə qeyd aparır. Yükün daşınması bir neçə daşıma ilə həyata keçirildiyi halda, hər bir daşıma üzrə elektron əmtəə-nəqliyyat qaiməsi ayrıca tərtib olunmalıdır. Yüklərin daşınmasına dair elektron əmtəə-nəqliyyat qaiməsi qanunvericiliyə uyğun olaraq kağız daşıyıcıda çap edilə bilər. Daşıyıcı tərəfindən yüklər daşımaya qəbul edilənədək tərtib edilmiş elektron əmtəə-nəqliyyat qaiməsində göstərilən məlumatlarda dəyişiklik edilməsi zərurəti yarandıqda onu tərtib edən vergi ödəyicisi tərəfindən informasiya sistemində elektron əmtəənəqliyyat qaiməsində düzəlişlər aparılmaqla imzalanmalı və təsdiq üçün qarşı tərəflərin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilməlidir.
Elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv edilməsi onu qəbul edən şəxslər tərəfindən ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron əmtəə-nəqliyyat qaiməsinin ləğv olunması təsdiq edilmədikdə, elektron əmtəə-nəqliyyat qaiməsi proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Elektron əmtəə-nəqliyyat qaiməsinin uçotunun aparılması və məlumatlara çıxış imkanı Elektron əmtəə-nəqliyyat qaiməsinin uçotu hər bir vergi ödəyicisi üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir. Elektron əmtəə-nəqliyyat qaiməsinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır.. Əmtəə təyinatlı yüklərin elektron əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışla məşğul olan ticarət obyektlərinə, bazarlara elektron əmtəə-nəqliyyat qaiməsi olmadan gətirilməsinin qarşısının alınması səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsistemində olan məlumatlara çıxış imkanına malikdirlər və öz səlahiyyətləri çərçivəsində həmin məlumatlardan istifadə edirlər.