17 C
Baku
Friday, October 18, 2024

Putin Priqojinin təyyarəsinin qəzaya uğramasının rəsmi səbəbini açıqlayıb

Putin Yevgeni Priqojinin biznes təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya İstintaq Komitəsinin təhqiqatının təfərrüatlarını açıqlayıb. Prezidentə məlumat verilib ki, təyyarəyə heç bir kənar təsir olmayıb, lakin ölənlərin cəsədlərində əl qumbaralarının parçaları aşkar edilib.

“Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ötən gün mənə bildirdi ki, təyyarə qəzasında həlak olanların cəsədlərində əl qumbaralarının parçaları tapılıb. Təyyarəyə heç bir xarici təsir olmayıb. Bu artıq müəyyən edilmiş faktdır, İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, –  deyə Putin bildirib.

Prezident əlavə edib ki, ölənlərin cəsədlərində spirt və narkotik maddələrin olub-olmaması ilə bağlı ekspertiza aparılmayıb, lakin hərbi qiyamdan sonra Priqojinin Sankt-Peterburqdakı ofislərində aparılan axtarış zamanı 5 kq kokain aşkar edilib. Tver vilayətində iş təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir.

“Vaqner” haqqında danışan prezident deyib ki, bu, “jurnalist adıdır” və ölkədə formal olaraq özəl hərbi şirkətlər yoxdur. Onlarla təcrübə “yöndəmsiz” olub. Putinin sözlərinə görə, indi bir neçə min vaqnerli Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Priqojinin təyyarəsi avqustun 23-də hərbi qiyamdan düz iki ay sonra qəzaya uğrayıb. “Vaqner”in qurucusu ilə yanaşı, komandir Dmitri Utkin və Priqojinin ən yaxın silahdaşları da təyyarədə olub.

Son xəbərlər
Digər xəbərlər