Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.
Aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.
Eyni zamanda sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalının 2024-cüil yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunması təklif edilir.
Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb edilməsi nəzərdə tutulur.