ABŞ Senatı Nümayəndələr Palatasının ardınca hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Sənəddə Ukrayna və İsrailə yardım nəzərdə tutulmur. Bununla Senat 17 noyabrda baş verə biləcək şatdaunun qarşısını almış olub.
Senatda sənədi 87 nəfər dəstəkləyib, 11 nəfər əleyhinə çıxıb. Nümayəndələr Palatasında bu həftənin əvvəlində 336 konqresmen qanun layihəsinin lehinə, 95-i isə əleyhinə səs verib (onların əksəriyyəti respublikaçılardır). ABŞ media mənbələri prezident Co Baydenin qanun layihəsini imzalamasını gözləyir.
Qanun layihəsini respublikaçı Mayk Conson təklif edib. Əvvəlcə Ağ Ev bu təşəbbüsü tənqid edib və təklifi “respublikaçılar tərəfindən irəli sürülən daha böyük xaos üçün resept” adlandırıb.
Ukrayna, İsrail və Tayvana yardımın maliyyələşdirilməsi, o cümlədən ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsi məsələləri ayrıca nəzərdən keçirilir. Ağ Ev bu məqsədlər üçün 106 milyard dollar (o cümlədən, Ukraynaya 61 milyard dollardan çox) ayırmağı təklif edib. Co Bayden administrasiyası bütün məqsədlərin bir paketdə həll edilməsini maliyyələşdirmək istəyib, lakin respublikaçılar buna qarşı çıxıblar. Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası İsrailə ayrıca 14 milyard dollarlıq yardım layihəsini qəbul etsə də, demokratların nəzarətində olan Senat bu təşəbbüsün qarşısını alıb.