Azərbaycan Prezidenti İlham Əliyev 16 noyabr 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
Banker.az xəbər veri ki, bu barədə Prezidentin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilir.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsinin icrası ilə əlaqədar üç ay müddətində:
2.1.1. normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini təmin etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsini təmin etsin.
4. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanının 2-ci, 4-cü və 5-ci hissələri ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2023-cü il