Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu il “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsi ilə ən çox müraciət olunan elektron xidmətlərin və təminatçılarının adlarını açıqlayıb.
Mərkəzdən SalamNews-a verilən məlumata görə, cari ildə ali məktəblərə qəbul üzrə proseslər, müraciətlərin elektron qəbulundan imtahan nəticələrinin öyrənilməsinə qədər bütün mərhələlər portal üzərindən icra edilib. Buna görə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-ci ilin ən çox müraciət olunan xidmət təminatçıları arasında yer alıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də cari il ərzində vətəndaşların ən çox müraciət etdiyi dövlət qurumlarından olub. Belə ki, RYTN-in “Mobil cihazların IMEI kodunun yoxlanılması”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Telefon nömrəsi üzrə axtarış” və s. e-xidmətləri aktual istifadə olunan xidmətlərdir.
Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətləri portal üzərindən ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb.
Dövlət Sosial Müdafiə Fondunun 17 elektron xidməti arasında sığortaolunan və sığortaedən tərəflərlə bağlı xidmətlər il ərzində ən çox istifadə edilənlərdən olub. Belə ki, “Sığortaolunanlara məlumatların verilməsi” xidməti işçilərə sığortaolunan illər üzrə ödənişlər və pensiya kapitalı barədə dəqiq məlumat verməklə vətəndaşın fərdi məlumatlarını açıq və əlçatan edir.
Cari ilin keçən dövrü ərzində elektron sənəd mübadiləsində yeniliyin və rahatlığın təminatçısı olan “Elektron Çıxarışlar” (Arayışlar) sənədləşmə prosesinin və istifadəçilərin kağız yükündən azad olmasına xidmət etməklə portal üzərindən fərdə məxsus 12 növ məlumatı elektron formalaşdırmağa, çap edərək və onlayn olaraq tələb olunan quruma ötürməyə icazə verib. Qeyd edək ki, “Elektron Çıxarışlar” bölməsi “Elektron hökumət” portalının operatorunun təşəbbüsü ilə yaradılıb.
Daxili İşlər Nazirliyinin “FİN-ə görə fərdi məlumatların axtarışı”, “Rüsum və cərimələrin ödənişi”, “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” xidmətlərinin elektronlaşması bu gün artıq portal üzərindən vətəndaşlara cərimə barədə bildirişlərin göndərilməsinə şərait yaradır.
Təhsil Nazirliyi cari ildə fərdə məxsus üç növ məlumatı – “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış”, “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” və “Diplom haqqında məlumatlar”ı vətəndaşlara açıq edib. Diplom haqqında məlumatların onlayn əldə olunması xüsusilə vətəndaşlar tərəfindən uzun müddətdir gözlənilən xidmətlərdəndir.
Xalqın suveren hüquqlarının təminatçısı olan seçki prosesinin rahat təşkili üçün Mərkəzi Seçki Komissiyası tərəfindən portala inteqrasiya edilmiş 5 növ informativ xidmət və onlayn müraciət xidməti bu gün vətəndaşlar tərəfindən ən çox istifadə olunan xidmətlərdir.
Dövlət Gömrük Komitəsinin 4-ü qeydiyyatsız olmaqla təmin etdiyi 8 elektron xidmət cari ildə aktual müraciət olunanlar sırasındadır.
– See more at: http://salamnews.org/az/news/read/197539#sthash.X4dX447P.dpuf