Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP 28) çərçivəsində liderlər sammiti keçirilib.
Sammitdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.
Tədbirdə çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi iqlim dəyişikliyinə xüsusi diqqət ayırıb. “Qlobal təşəbbüslərin qəbul olunmasından sonra Azərbaycan onların qlobal səviyyədə təşviqinə, iqlim təşəbbüslərinin və 2030-cu il gündəliyinin həyata keçirilməsinə möhkəm sadiqliyini nümayiş etdirib. Transformativ dəyişiklikləri təşviq etmək öhdəliyi dayanıqlılığa, inklüziv inkişafa və təmiz enerjiyə xüsusi diqqət yetirməklə milli iqtisadiyyatın yenidən formalaşdırılmasına bağlılığı əks etdirir. İqtisadiyyatların yenidən qurulması qlobal miqyasda effektiv və davamlı maliyyə mənbələri tələb edir. Bu səbəbdən yaşıl inkişafın sürətləndirilməsinə müsbət təsir göstərən özəl sektor investorları üçün imkanları araşdırmaq məqsədilə şəbəkə platformalarının yaradılması çox vacibdir”, – deyə Mikayıl Cabbarov vurğulayıb.
Ekoloji davamlılığın Azərbaycanın inkişaf strategiyasında diqqət mərkəzinə çevrildiyini qeyd edən nazir bildirib ki, təmiz ətraf mühit ön planda tutulmaqla yaşıl enerji ən önəmli beş prioritet sahədən birinə çevrilib: “Yaşıl enerjiyə keçidin aparıcı qüvvəsi kimi bərpaolunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanda elektrik enerjisi istehsalının 24 faizini təşkil edəcək. 2030-cu il hədəfimiz isə daha da iddialı olub, bunu 30 faizə qaldırmaqdır. Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir. Otuz ildir Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşıl enerji zonasının əsasının qoyulması da hədəfə alınıb. Bununla da iqlim dəyişikliyi sahəsindəki öhdəliklərimizin yerinə yetirilməsinə töhfə verəcəyik. Azərbaycan dayanıqlı inkişafı dəstəkləmək və yaşıl transformasiyaya keçidi asanlaşdırmaqda minatəmizləmə təşəbbüslərinin həlledici rolunu qəbul edir. Minatəmizləmənin regionun rifahına və tərəqqisinə əhəmiyyətli təsirini, eləcə də ölkəmizin inkişafı üçün daha geniş əhəmiyyətini nəzərə alaraq, humanitar minatəmizləmə rəsmi olaraq Azərbaycanda 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilib”.