“Rusatom Service” Metsamor AES-in fəaliyyətinin uzadılması üçün 65 milyon dollarlıq iş görəcək.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“Rosatom” dövlət korporasiyasına daxil olan “Rusatom Service” səhmdar cəmiyyəti tərəfindən həyata keçiriləcək işlərə sərf olunması nəzərdə tutulan 65 milyon dollar vəsait büdcə krediti çərçivəsində ayrılacaq.
AES-lə “Rusatom Service” şirkəti arasında bununla bağlı saziş layihəsi Ermənistan hökumətinin iclasına təqdim edilib və sabah müzakirə ediləcək.
Qeyd edək ki, 1980-ci ildə işə salınan AES-in hazırkı 2-ci enerji bloku 30 il, yəni nəzəri cəhətdən 2010-cu ilə qədər istismara hesablanıb, lakin stansiyanın 6 il (1989-1995-ci illər aralığında) dayandığını nəzərə alsaq, stansiyanın xidmət müddətini 2016-cı ilə qədər uzatmaq üçün layihə tərtib edilib və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) razılaşdırılıb.
Ermənistan hökumətinin bu il qəbul edəcəyi qərarla AES-in ömrü ikinci dəfə uzadılacaq.