Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Banker.az xəbər verir ki, dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.
Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək.
“Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.
Dövlətimizin başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə saldı.
Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “AzərEnerji”nin yeni tikilən 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası və onun yaxınlığında tikilən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.