Azərbaycan Rabi mövsümündə (qışlıq əkin mövsümü – red.) tələbatın ödənilməsi üçün ertələnmiş ödəniş mexanizmi haqqında hökumətlərarası saziş çərçivəsində Pakistana güzəştli şərtlərlə 200 min ton karbamid tədarük etmək prosesini davam etdirir.
Bu barədə Pakistanın “The News” nəşri bu ölkənin Milli Qida Təhlükəsizliyi və Tədqiqat Nazirliyinin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbamid tədarükünü heç bir faiz və zəmanət olmadan həyata keçirir. Əvvəllər SOCAR heç bir faiz və zəmanət olmadan ertələnmiş ödəniş mexanizmi ilə karbamid tədarük etməklə Pakistana yardım göstərməyə razılaşıb”, – mənbə bildirib.
Razılaşma çərçivəsində dekabrda SOCAR 100 min ton karbamid tədarük edib və bu gün ikinci gəminin boşaldılmasına başlanılıb.
Nəşr vurğulayıb ki, bundan əvvəl BƏƏ-dən karbamidin ilk partiyasının tədarükü sayəsində Pakistanda əkin normalarında əhəmiyyətli artım əldə edilib. Bu, ölkədə gübrələrin kritik çatışmazlığı və yüksək qiymət problemini həll etməyə kömək edib. Bildirilib ki, SOCAR-ın Azərbaycandakı karbamid zavodu ilə 200 min tondan çox karbamid tədarükü üçün bağlanmış iri müqavilə Rabi mövsümündə kənd təsərrüfatının tədarük zəncirinin sabitləşməsi üçün mühüm addım olub.
“Məhdud istehsal imkanlarına baxmayaraq, Azərbaycan 2024-cü ilin yanvar tarixinədək çatdırmaq üçün regional müttəfiqlərdən, o cümlədən Qətər və Rusiyadan əlavə həcmdə karbamid almaqla müqavilə öhdəliklərini yerinə yetirmək əzmindədir. Bu addım Cənubi Asiyanın kənd təsərrüfatı mənzərəsini formalaşdıran regional əməkdaşlığın və ticarətin dinamikasını vurğulayır”, – mənbə əlavə edib.