2023-cü ilin son rübündən başlayaraq Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinin parametrlərində yumşaltmaya gedib, lakin bu, bazarda hiss olunmur.
Banker.az xəbər verir ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 2023-cü ilin aprel iclasına qədər 9.00 faiz dərəcəsinə yüksəltmişdi. Bu da 2019-cu ilin əvvəlindən bu tərəfə ən “sərt pul” siyasəti idi.
Mərkəzi Bankın faiz artımına getməkdə məqsədi ölkədəki ikirəqəmli inflyasiyanı boğmaqla manatı dəyərdə saxlamaq idi. Bu səbəbdən də uçot faiz dərəcəsi 2021-ci ilin sentyabrından 6.25 faiz səviyyəsindən 275 baza bəndinə qaldırılmışdı. AMB bununla yanaşı açıq bazar əməliyyatları ilə də bazara intervensiyalarını gücləndirmişdi ki, həm uçot faiz dərəcəsini işə salsın, həm də inflyasiyanı nəzarətdə saxlaya bilsin. İki ildir AMB-yə rəhbərlik edən Taleh Kazımovun ilkin cəhdləri də buna işarə idi ki, o, uçot faiz dərəcəsini işə salmaq istəyir. Faizlərin yüksəldilməsi ilə paralel 2022-ci ilin ikinci yarısından AMB banklar üçün tətbiq etdiyi məcburi ehtiyat normalarının əmsallarını kəskin artırıb, sterilizasiyanı yüksəldib. Bir faktı qeyd edə bilərik ki, məcburi ehtiyat normalarının həcmi 1 dekabr tarixinə 2 mlrd. 711.9 mln. manatdır. Məsələn, 2022-ci ilin ilk yarısının sonuna bu göstərici 200 mln. manatdan aşağı idi.
Məcburi ehtiyatlar – depozit qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir. Bu depozitlər kredit və ya hansısa aktivlərin alışına yönəldilə bilmir.
AMB sədrinin bildirdiyi kimi, manatın dəyərini müəyyən edən hər hansısa valyutaya olan nisbət deyil, uçot faiz dərəcəsidir. Bəs uçot faiz dərəcəsindəki dəyişmələr bazarda nəyə təsir edə bilir? Mərkəzi Bank ötən il Banker.az-ın sorğusuna cavab olaraq ötən ilin əvvəli bildirmişdi ki, pul siyasətinin pul siyasətinin transmissiyası iki il çəkə bilər.
Bütün bunlara rəğmən yerli bazarda faizlərdə böyük fərqlə dəyişiklik hiss olunmur.
Mərkəzi Bank uçot faiz dərəcəsini son iki iclasa 50 baza və ya 0.5 faiz bəndi endirib. Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldarkən ənənəvi olaraq depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. AMB-nin 1 dekabr 2023-cü il tarixinə olan rəsmi məlumatda qeyd edilir ki, müddətli depozitlərin orta faiz dərəcəsi ölkədə 8.21 faizdən 8.22 faizə yüksəlib. Artım həm fiziki, həm də hüquqi şəxslərin depozitlərində müşahidə edilir. Noyabrda fiziki şəxslərin depozitlərinin orta faiz dərəcəsi 9.21 faizdən 9.23 faizə, hüquqi şəxslərin isə 5.63 faizdən 5.66 faizə yüksəlib.
“Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa belə, unutmaq lazım deyil ki, bu banklarda daha bahalı borclanma və təbii ki, daha yüksək kredit faizlərinə səbəb olur”- deyə bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirir. V.Bayramovun fikrincə, kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil.
Depozit faizlərindəki artımlara Bloomberg platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq (1 il öncə 13 mlrd. Manat ətrafında idi) M0 bankları daha aktiv kampaniyalara sövq edir.
Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır.