Çin hakimiyyəti ucuzlaşan fond bazarını sabitləşdirmək üçün hərəkətə keçir və sabitləşdirmə fondu yaratmaq üçün əsasən dövlət müəssisələrinin ofşor hesablarından təxminən 2 trilyon yuanı (278 milyard ABŞ dolları) “səfərbər etməyə” çalışır, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
“Bloomberg”ə görə, hökumət fondun vəsaitlərini Honqkonq birjası vasitəsilə səhmləri geri almaq üçün istifadə etməyi planlaşdırır. Bundan əlavə, Çin hakimiyyəti artıq “China Securities Finance Corp” vasitəsilə səhmlərə investisiya üçün yerli fondlardan daha 300 milyard yuan (41.5 milyard dollar) ayırıb.
Bloomberg qeyd edir ki, “xilasetmə fondu” yaratmaqla yanaşı, Çin hakimiyyəti bu həftə beşillik minimuma çatan fond bazarının enişini dayandırmaq üçün digər tədbirləri də nəzərdən keçirir (söhbət əsas CSI 300 indeksindən gedir). Onlardan biri yerli investorları “sakitləşdirmək”dir, lakin agentlik bunun necə olacağını açıqlamır.
Çində daşınmaz əmlak bazarında böhran bir neçə ildir davam edir və sərt anti-Covid tədbirləri sayəsində xarici investisiyalar da azalıb. “Bloomberg” yazır ki, ümumilikdə Çin və Honqkonq səhmləri 2021-ci ildə pik həddinə çatdıqdan sonra bazar dəyərini 6 trilyon dollardan çox itirib.
“Wall Street Journal”ın iqtisadi şərhçiləri Linlinq Vey və Stella Yifan Xie avqust ayında yazıblar ki, Çinin 40 illik sürətli iqtisadi artım dövrü başa çatıb. Onlarən fikrincə, Pekində infrastrukturu genişləndirmək üçün yer tükənir, Çinin bəzi yerlərində körpülər və hava limanları az istifadə olunur, milyonlarla mənzil boş vəziyyətdədir və investisiya gəlirləri kəskin şəkildə aşağı düşüb. İqtisadçılar qeyd edirlər ki, lazımsız xərclərə əlavə olaraq, Çin iqtisadiyyatı əlverişsiz demoqrafik göstəricilərlə və ABŞ və müttəfiqləri ilə “genişlənən uçurum”la üzləşir.