16 C
Baku
Wednesday, October 30, 2024

Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi inşa olunacaq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) arasında dənizdə neft-qaz hasilatına xidmət edəcək yeni gəmilərin tikintisinə dair müqavilə imzalanıb.

Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

SOCAR ilə əməkdaşlığın davamı olaraq yaxın illərdə 3-ü sərnişin, 4-ü dalğıc gəmisi olmaqla, ümumilikdə 7 yeni gəminin tikintisi barədə qərar verilib. Razılığa əsasən, bu gəmilərin inşası BGZ-də həyata keçiriləcək.

Bu gün həmin gəmilərdən 4-nün tikintisinə dair ASCO-nun İdarə Heyətinin (İH) sədri Rauf Vəliyev və BGZ-nin İH-nin sədri Elşad Nuriyev arasında müvafiq müqavilənin imzalanması mərasimi keçirilib.

Müqaviləyə əsasən, BGZ 18-24 ay ərzində ASCO-nun sifarişinə uyğun olaraq hər biri 50 nəfər tutuma malik 3 ədəd sərnişin və 1 ədəd dənizin 60 metr dərinliyində işləmək üçün nəzərdə tutulan hibrid mühərrikli dalğıc gəmisini inşa edərək təhvil verəcək.

İmzalanma mərasimində bildirilib ki, tikiləcək sərnişin gəmilərini aparıcı dizayn şirkəti layihələndirib. Dalğıc gəmisinin inşası isə “ASCO Mühəndislik” MMC-nin təqdim etdiyi layihə əsasında həyata keçiriləcək və bu gəmi Xəzər dənizində üzən ilk hibrid mühərrikli dalğıc gəmisi olacaq.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər