-1 C
Baku
Sunday, December 15, 2024

IGB qaz kəmərinin tutumunun genişləndirilməsi vaxtı açıqlanıb

İlkin texniki araşdırmalara görə, Yunanıstan-Bolqarıstan İnterkonnektorun (IGB) operatoru olan ICGB şirkəti 2025-ci ilin dördüncü rübündən Stara Zaqorada çıxış nöqtəsinin və 2026-cı ilin dördüncü rübündən Komotini çıxış nöqtəsinin də illik ötürüçülük gücünün 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artacağını proqnozlaşdırır.

IGB şirkətinin məlumatına əsasən, Dövlət Satınalmaları Qanununa əsasən tender prosesindən sonra ICGB Bolqarıstan şirkəti ilə Stara Zagorada çıxış nöqtəsində IGB-nin tutumunu genişləndirəcək qaz ölçmə məntəqəsinin təfərrüatlı layihələndirilməsi üçün müqavilə imzalayıb.

Bildirilib ki, ICGB kəmərin texniki imkanlarını artıraraq, 5 milyard kubmetrə çatdırmaq üçün Stara Zaqoradakı qaz ölçmə məntəqəsini modernləşdirmək niyyətindədir.

Tutumun genişləndirilməsi ilə bağlı davam edən prosesdə növbəti addım kimi Stara Zaqora məntəqəsi üçün layihələndirmə təklifi dərc edilib. Bütün maraqlı tərəflər 2024-cü il martın 4-dək şərh və təkliflərini bildirməklə iştirak etməyə dəvət olunur. Yunanıstanın təbii qaz nəqli sistemi DESFA üçün layihə təklifi də tezliklə dərc olunacaq.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından ildə 1 milyard kubmetr təbii qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində IGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər