Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan neftinin 2024-2028-ci illər ərzində tədricən ucuzlaşacağını proqnozlaşdırır.
Bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.
Proqnoza əsasən, əgər 2024-cü ildə Azərbaycan neftinin bir barelinin orta qiyməti 81,9 ABŞ dolları təşkil edəcək, 2028-ci ildə bu göstərici 69,5 dollara enəcək. Belə ki, 2024-2028-ci illər ərzində Azərbaycan neftinin qiyməti 12,4 dollar və ya 15,1% azalacaq.
Qeyd olunur ki, 2023-ci ilin ortalama göstəricisi ilə müqayisədə 2024-cü ildə Azərbaycan nefti 0,6 dollar və ya 0,73% ucuzlaşacaq.
Bildirilir ki, ötən il Azərbaycan neftinin bir barelinin orta qiyməti 82,5 dollar səviyyəsində olub, bu da illik müqayisədə 15,9 dollar və ya 16,2% azdır.
Azərbaycan neftinin qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):
İllər üzrə | 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 | 2026 | 2027 | 2028 |
Güman edilən neft qiyməti (bir barel üçün, ABŞ dolları) | 44,8 | 71,2 | 98,4 | 82,5 | 81,9 | 78,0 | 74,7 | 71,9 | 69,5 |