Cari ildə Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çiraq-Günəşli neft-qaz yataqları blokunda (AÇG) 18 quyunun qazılması planlaşdırılır.
Bunu Bakıda keçirilən Caspian Drilling konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Kim O’Leary bildirib.
Onun sözlərinə görə, bu il AÇG-də qazılacaq quyuların 12-i hasilat quyularının payına düşəcək.
BP nümayəndəsi onu da əlavə edib ki, ötən il AÇG-də 17 quyu qazılıb, bunun da 9-u hasilat quyusu olub. Digər qazılan quyular injektor və axtarış quyuları olub.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9.57%, “Inpex” – 9.31%, “Equinor” (keçmiş “Statoil”) – 7.27%, “ExxonMobil” – 6.79%, TPAO – 5.73%, “Itochu” – 3.65% və “ONGC Videsh Ltd.” (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.
AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.