Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək 4.4 milyard dollara çatıb.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Ancaq yanıldıq. 4.4 milyard dollar olub, 17 faiz artım”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, sanksiyalar ölkələr arasında “münasibətlərin daha da sıxlaşmasına” gətirib çıxarıb. Səfir ticarət dövriyyəsindəki artımın Rusiyanın paralel idxal siyasəti ilə əlaqəli olmadığına da işarə edib:
“Sanksiyalar ona gətirib çıxarıb ki, münasibətlərimiz daha da sıxlaşıb, biz sənaye kooperasiyasında çox ciddi layihələr gerçəkləşdiririk. 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə reeksportu deyil, bunlar xüsusən sənaye kooperasiyası üzrə böyük layihələrdir”.
“Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından istifadə 54 faizi ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, – diplomat söyləyib.