7 C
Baku
Tuesday, December 3, 2024

Zərərlilik dərəcəsi – Sığortaçıda zərərliliyə daimi nəzarət niyə vacibdir?      

ZƏRƏRLİLİK DƏRƏCƏSİ,  YAXUD ZƏRƏR NİSBƏTİ – Sığortaçıda zərərliliyə daimi nəzarət niyə vacibdir?                                            

(Gənc sığorta peşəkarları və tələbələr üçün sadələşdirilmiş təlim materialı)

Bu yazıda aşağıdakılar əhatə olunur:

  1. Sığortaçıda zərərlilik və onun sadə izahı. Məqbul zərərlilik dərəcəsi
  2. Zərər nisbətinin hesablanması qaydası
  3. Əmlak (yanğın) sığortasında zərərliliyin hesablanması üzrə praktik nümunələr
  4. Zərərliliyin artmasına təsir edən amillər
  5. Anderrayterlər və aktuarilərin birgə fəaliyyəti
  6. Rentabelli fəaliyyət sığortaçının öhdəliklərinin müsbət həllinin əsası və ilkin şərtidir. 

 

  • Sığortaçıda zərərlilik və onun sadə izahı. Məqbul zərərlilik dərəcəsi

Sığorta işinin təşkil edilməsində əsas məqsəd sığorta hadisəsi baş verəndə, fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müdafiəsindən ibarətdir. Sığorta, qısa ifadə etsək, ümumi daxıl konsepsiyasına əsaslanır. Çoxsaylı insanların ödədiyi sığorta haqları hesabına bu daxıl formalaşır, azsaylı insanların məruz qaldıqları zərər və itkilərə görə isə həmin daxıldan sığorta ödənişi həyata keçirilir. Əslində sığortaçının əsas vəzifəsi də bu daxılı mümkün qədər elə səmərəli və sərfəli şəkildə idarə etməkdən ibarətdir ki, gələcəkdə yuxarıdakılarla bağlı heç bir problem yaşanmasın. Başqa sözlə, sığortaçının zərərlə işləməyə nə hüquqi, nə də mənəvi baxımdan “haqqı vardır”. Sığortaçıda zərərlilik göstəricisi həmişə məqbul səviyyədə olmalıdır. Bu səviyyənin saxlanması üçün sığortaçılar bir tərəfdən müvafiq qaydalara ciddi əməl edir, digər tərəfdən dövlət nəzarətçiləri tərəfindən bu istiqamətdə daimi işlər aparılır.      

Zərər nisbəti sığortaçının qazanmış olduğu ümumi sığorta haqları ilə, onun zərər və itkilərə görə müəyyən bir müddət ərzində həyata keçirmiş olduğu sığorta ödənişlərinin arasındakı qarşılıqlı əlaqəni əks etdirir. Sığortaçının topladığı sığorta haqları verilmiş ödənişlər və işin aparılması ilə bağlı digər xərclərlə müqayisə olunur. Bu, sığortaçının gəlirliliyini (yaxud zərəliliyini) müəyyən edən xüsusi bir ölçü alətidir, desək, səhv etmərik.                                                                                                                 

Məqbul zərərlilik dərəcəsi

Hər bir sığortaçı xərc göstəricilərindən asılı olaraq, öz zərər nisbətini formalaşdırır. Ümumiyyətlə, sığortaçılar tərəfindən məqbul zərər nisbətinin 40-60% diapazonunda olması qəbul olunur. Lakin bu, mütləq xarakter daşımır. Belə ki, məqbul zərər nisbəti sığortaçıdan sığortaçıya və sığortanın növündən asılı olaraq dəyişir. Tətbiq edilən sığorta növü, mühasibat balansının həcmi, iddialar üzrə ödəniş təsnifatı, sığorta ehtiyatları, xərclər və s. konkret sığortaçı üçün zərər nisbətinin formalaşdırılmasına təsir göstərən amillərdir. Bütün sığorta növləri üzrə zərər nisbəti eyni olmur. Məsələn, tibbi və kasko sığortaçıları üçün zərərlilik dərəcəsi əmlak və ya fərdi qəza sığortaçıları ilə müqayisədə daha yüksək olur.  

  • Zərər nisbətinin hesablanması qaydası

Sığortaçılar zərər nisbətinin hesablanmasında, bir qayda olaraq, aşağıdakı düsturdan istifadə edirlər:

Zərər nisbəti = ((iddialar üzrə ödənilmiş məbləğ + tənzimlənmə xərcləri) / qazanılmış sığorta haqqı) x 100

Burada,

İddialar üzrə ödənilmiş məbləğ, bəlli bir müddət ərzində (maliyyə/sığorta ili ərzində) sığorta hadisələri və sığortalının iddiası əsasında sığortaçı tərəfindən ödənilən pul məbləğidir.                                                                                                                                                 

Tənzimlənmə xərcləri, iddiaların araşdırılması, təhlili, təsdiqi və tənzim edilməsi prosesində sığortaçının məruz qaldığı xərclərdir.                                                                   

Qazanılmış sığorta haqqı, risklərə təminat almaq məqsədilə müştərilər (sığortalılar) tərəfindən sığortaçıya ödənilmiş pul məbləği hissəsidir 

  1. Əmlak (yanğın) sığortasında zərərliliyin hesablanması üzrə praktik nümunələr

Nümunə 1: 

Fərz edək ki, “A” sığortaçı tərəfindən 2023-cü sığorta ili ərzində 800 000 manat məbləğində sığorta haqqı toplanmışdır. Həmin müddət ərzində “A” sığortaçı 425 000 manat ödəniş etmiş və bu zaman zərər tənzimləmə xərcləri 15 000 manat təşkil etmişdir. Gəlin, zərərliliyi hesablayaq:

(425 000 man. + 15 000 man.) / 800 000 man. x 100 = 55%                                                     

Bu nəticə “A” sığortaçı üçün əlverişlidir və onun maliyyə durumunun güclü olduğuna dəlalət edir. Belə ki, 55% zərərlilik göstəricisi ilə “A” sığortaçı bazarda öz fəaliyyətini rahat şəkildə davam etdirə və bütün biznes məsələlərini müsbət həll edə bilər. 

Nümunə 2:

Fərz edək ki, “B” sığortaçının maliyyə ili ərzində qazanılmış sığorta haqqının ümumi məbləği 1 200 000 manat təşkil etmişdir. Həmin müddət ərzində “B” sığortaçı tərəfindən 2 000 000 manat sığorta ödənişi həyata keçirilmiş və sığorta hadisəsinin araşdırılması və zərərin tənzimlənməsi məqsədilə əlavə olaraq 16 000 manat xərclənmişdir. Bu göstəricilər əsasında “B” sığortaçının zərərliliyini hesablasaq, aşağıdakı nəticəni alacağıq:

(2 000 000 man. + 16 000 man.) / 1 200 000 man. x 100 = 168%

Bu nümunədən göründüyü kimi, “B” sığortaçının zərərlilik göstəricisi  168%-dir. “B” sığortaçının bu nəticəsi heç bir halda təqdir oluna bilməz və onun rəhbərliyi qısa müddət ərzində vəziyyəti düzəltmək üçün təsirli tədbirlər görməlidir. Sığortaçının məsul aktuarisinin anderrayterlə birlikdə İH sədrinin rəhbərliyi altında görəcəyi tədbirlər barədə isə bu yazıda ayrıca paraqrafda bəhs edəcəyik.

Burada bir məsələyə də aydınlıq gətirmək istərdik ki, gənc mütəxəssislərə və tələbələrə hər şey daha aydın olsun. Yuxarıdakı düstura biz, tənzimlmə xərclərini də daxil etmişik. Bəs, tənzimləmə xərcləri dedikdə, burada konkret olaraq hansı xərclərdən söhbət gedir? Onlardan ikisini qeyd edək: 1) Fərz edək ki, iri katastrofik hadisə nəticəsində sığortalanmış nəhəng hava limanı kompleksinə külli miqdarda zərər dəymişdir. Sığortaçı öz daxili imkanları ilə (texniki, kadr) bu hadisəni araşdıra bilmədiyinə görə həmin sahədə ixtisaslaşmış müstəqil ekspert və ya zərər tənzimləyicisini dəvət edir və onunla müqavilə bağlayır; 2) Sığortalanmış bahalı avtomobil Laçın rayonunda qəzaya uğramış və ona ciddi zərər dəymişdir. Sığortaçı avtomobilin Bakıya gətirilməsi üçün evakuator şirkətinə müraciət edir və həmin avtomobil sığortaçının müqavilə əsasında çalışdığı təmir mərkəzinə çatdırılır, və s. 

Hər iki halda sığortaçı rəsmi şəkildə xidmət göstərənlərin zəhmət haqqını ödəməlidir və ödəyir. 

  1. Zərərliliyin artmasına təsir edən amillər 

Bir sıra amillər sığortaçıda zərəliliyin artmasına birbaşa səbəb olur. Aşağıda onlardan bir neçəsini açıqlamağa çalışaq:

  1. Təbii fəlakət. Zəzələ, qasırğa, daşqın və s. təbiət hadisələri nəticəsində hər il sığortaçılar və təkrarsığortaçılar tərəfindən milyardlarla dollar zərər ödənilir. Odur ki, sığortaçılar riskli məkanlarda (seysmik aktiv zonalarda) yerləşən sığorta obyektlərinə təminat verərkən  xüsusi anderraytinq yanaşması sərgiləməli və qiymətlə bağlı qərarlarına adekvat düzəlişlər etməli olurlar. Bu sahədə yalnış hərəkətlər gələcəkdə zərər nisbətinin daha yüksək olacağına dəlalət edir.
  2. Avtomobil sığortası.   Avtomobil sığortasında anderrayterlər riski qiymətləndirərkən aşağıdakılara diqqət yetirməlidirlər:                                                                                                                   
  1. müştərinin sürücülük təcrübəsi, 2) sığortalanan avtomobilin növü, markası, modeli və s., 3) avtomobilin istifadə təyinatı, 4) avtomobilin istifadə olunacağı məkan (şəhər, kənd), 5) avtomobilin buraxılış tarixi, 6) avtomobilin hüquqi və ya fiziki şəxsə məxsus olması, 7) sürücünün yaşı və cinsi, 8) sürücünün və ya avtomobilin zərər/sığorta tarixi, 9) tətbiq edilən azadolma məbləğinin həcmi, 10) tətbiq edilən istisnalar və s.
  1.    Qeyri-effektiv əməliyyatlar. Sığortaçılar davamlı olaraq, zərər tənzimləyicilərinin və ya ekspertlərin peşəkarlığının artırılması qayğısına qalmalıdırlar. Eyni zamanda, onlar, kənar ekspertlər dəvət edərkən onların yüksək peşəkarlıq və təcrübələrindən əmin olmalıdırlar. Əks təqdirdə,  zəif və keyfiyyətsiz tənzimləyicilər sığortaçı üçün əlavə lüzumsuz məsrəflərə səbəb olacaqlar.

5.Anderrayterlər və aktuarilərin birgə fəaliyyəti

Zərərliliyin normal səviyyədə saxlanılmasının sığortaçı üçün nə demək olduğunu yuxarıdakı paraqraflarda izah etməyə çalışdıq. O zaman bir qədər də təfsilata varaq və görək bu işə bilavasitə cavabdehlik daşıyan peşəkarlar kimlərdir? Sığorta işində anderrayter və aktuari kimi son dərəcə vacib olan iki peşə vardır. Məhz bu peşələrin sahibləri yuxarıda dəfələrlə vurğuladığımız zərərlilik səviyyəsi ilə bağlı ilk növbədə öhdəlikli olan mütəxəssislərdir. Bəs, bu mütəxəssislərin fəaliyyətində hansı oxşar və fərqli cəhətlər vardır? Oxşar cəhət ondan ibarətdir ki, onların hər ikisi riskin müəyyənləşdirilməsi üçün müvafiq hesablamalar aparırlar. Fərq ondan ibarətdir ki, aktuarilər müəyyən bir müddət üçün ümumi riski  qiymətləndirdiyi halda, anderrayterlər fərdi amilləri nəzərə alaraq, bu və ya digər konkret obyektlə bağlı riskləri ayrı-ayrılıqda dəqiqləşdirməyə çalışırlar. Daha ətraflı qeyd etsək, müasir dövrün aktuarisi statistik məlumatlar, iqtisadi və maliyyə göstəriciləri əsasında, riyazi hesablamalar aparmaqla sığortalanacaq riskləri qiymətləndirən, tətbiq olunan tarifləri əsaslandıran və sığortaçının öz vəzifələrini normal yerinə yetirə bilməsi üçün kifayət edəcək ehtiyatların formalaşdırılmasına köməklik göstərən peşəkar mütəxəssisdir. Anderrayterlərə gəldikdə isə, sığortaya dair müxtəlif ədəbiyyatlarda göstərildiyi kimi, onlar “sığortaçıların eşidən qulağı və görən gözləridir”. Anderrayterlər sığortalanacaq konkret obyektə baxış keçirir, müxtəlif metodlarla riskləri müəyyənləşdirir, sığorta müqaviləsinin bağlanması və ya ondan imtina edilməsi ilə bağlı son qərar verir. 

Anderayterlər riski qiymətləndirərkən müstəqil ekspertlərin xidmətindən də istifadə edə bilirlər. Aktuarilər isə öz vəzifələrini yerinə yetirərkən mühasiblərin işlədiyi maliyyə məlumatlarından da yararlanırlar. 

Aktuari və anderrayterlərin işgüzar qarşılıqlı münasibətlərinə dair nümunələr: 

  1. Anderrayterlər aktuarilərin əsaslandırdığı tariflərdən kənara çıxmadıqları kimi, aktuarilər də anderrayterlərin ayrı-ayrı risklərə fərdi yanaşmaları ilə maraqlanır və əksər hallarda onu qəbul edirlər; 2) Aktuarilər sığortaçının məcmu kapitalının məbləğini müəyyənləşdirirlər. Anderrayterlər sığorta və təkrarsığorta müqavilələri bağlayarkən həmin məbləğ əsasında sığortaçının şəxsi tutumunu dəqiqləşdirirlər. Belə ki, sığortaçının bir sığorta predmeti üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən, əmlak sığortası üzrə isə 30 faizindən çox olmamalıdır; 3) Aktuarilər sığortaçının zərərlilik dərəcəsini müəyyən edirlər. Anderrayterlər zərərlilik çox olanda, konkret sığorta sinifləri üzrə konkret tədbirlər görürlər. Məsələn: çox zərərli məhsulların satışını dayandırır və ya məhdudlaşdırır, qısamüddətli müqavilələrin bağlanmasını təxirə salır, azadolma məbləğlərinə dəyişikliklər edir, səyyari satıcılara qarşı tələbləri artırır; 4) Məsul aktuari maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının vəziyyətini gündəlik olaraq nəzarətdə saxlasa da, əsaslandırılmış aktuari rəyini sığortaçının rüblük hesabatlarına münasibətdə tərtib edir.   

Sığortaçının aktuarisi ilə anderrayterlərinin səmərəli qarşılıqlı fəaliyyəti nəticə etibarı ilə sığortaçının maliyyə sabitliyinin və ödəniş qabiliyyətliliyinin təmin edilməsinə xidmət edir. Belə ki, zərərlilik dərəcəsinin müəyyən edilməsi və onun daimi kontrolda saxlanılması sığortaçının bazarda dayanıqlı fəaliyyəti və dinamik inkişafı üçün həlledici amil hesab olunur. Zərərlilik dərəcəsinin müəyyən edilməsi sığortaçının maliyyə göstəricilərinin ümumi mənzərəsinin qiymətləndirilməsini təmin etdiyi kimi, xərc nisbətinin qiymətləndirilməsi ilə sığortaçının gəlirlilik səviyyəsini də nümayiş etdirir. Bütün bunlar isə, nəticə etibarı ilə, sığortaçının icra rəhbərliyi tərəfindən düzgün strateji qərarların qəbul edilməsinə şərait yaradır.

Yuxarıdakıları ümumiləşdirərək, qeyd etməliyik ki, sığortaçıda aktuari və anderraytinq qruplarının, eləcə də mühasib heyətinin sıx əməkdaşlığı çox vacibdir.   

  1. Rentabelli fəaliyyət sığortaçının öhdəliklərinin müsbət həllinin əsası və ilkin şərtidir. 

Müsbət maliyyə göstəriciləri ilə mənfəətə çıxmaq istənilən sahibkarlıq fəaliyyətində əsas məqsəddir. Təbiidir ki, uzun müddət zərərlə çalışmaq bütövlükdə biznesin mahiyyətinə ziddir. Lakin sığortaçıların bəlli bir müddət ərzində zərərlə işləməsi heç bir baxımdan ağlabatan olmadığı kimi, daha böyük fəsadlara da yol aça bilir. Beləliklə, “zərərdə olmaq” (müvəqqəti olsa belə) sığortaçılar üçün ciddi problemlər yaratdığı kimi, rentabelli fəaliyyət sığortaçıya aidiyyatı olan bütün tərəflər və əslində, bütün cəmiyyət üçün vacib və əhəmiyyətlidir.                                                               

Sığortaçının uğurlu fəaliyyətində maraqlı olan tərəflər aşağıdakılardır: 

    1. Müştərilər: Sığortaçı mükəmməl institusional bir qurum olaraq, çoxsaylı müştərilərin / sığortalıların risklərini öz üzərinə götürür və müəyyən şərtlər daxilində onların əmlak mənafelərinin və s. müdafiəçisi qismində çıxış edir. Sığortaçının müştərisi hər bir baxımdan fərqli müştəridir. Müştəri zərərə düşəndə, zədələnəndə, maliyyə itkisinə məruz qalanda, xəsarət alanda, bir sözlə, müştərinin “pis günündə” sığortaçı onun karına gəlir. O, streslənmiş, yaralı, bir göz qırpımında olanı-qalanı məhv olmuş, bəlkə də əzizini itirmiş zavallı bir müştəridir. Bu cür müştərinin “könlünü almaq”, onun yardımçısı olmaq üçün sığortaçı daim ayaqda qalmalı, ödəniş qabiliyyətli və həm də likvidli resurslara sahib olmalı və müştəriyə hərtərəfli empatiya sərgiləməlidir. Yadda saxlamalıyıq: “xoşbəxt” (ödəniş almış)   müştəri, öz “xoşbəxtliyini” 5-6 adamla paylaşdığı halda, narazı müştəri öz narazılığını 22-25 adamla paylaşmasa, ürəyi sakitləşmir. İndi təsəvvür edirsinizmi, narazı salınmış müştəri kütləsi sığortaçı üçün nə demək olardı?!
  • Tərəfdaşlar: Sığortaçı əksər hallarda iri maliyyə risklərinə daha etibarlı təminat üçün təkrarsığorta, yaxud şərikli sığorta mexanizmindən istifadə edir. O, bəzən təkrarsığorta və ya şərikli sığorta daxılının iştirakçısı olur. Daxıl iştirakçıları zəif sığortaçını öz cərgələrinə qəbul etməz. Çünki, gələcəkdə daxıl üzvlərindən birinin ödəniş qabiliyyəti zəifləsə, bu, bütün tərəfdaşların imicinə və bazar reputasiyasına mənfi təsir göstərmiş olacaqdır. Əslində, işin təfsilatı sığortalıları maraqlandırmır, onlar üçün nəticə maraqlıdır. Bu halda bir iştirakçının zəif maliyyə durumu ümumi mənzərəni korlamış olardı.   
  • Rəqiblər: Sığortaçı olaraq, siz, mövcud bazarda tək deyilsiniz. Digər sığortaçılar da çoxsaylı vasitəçiləri ilə birlikdə gecə-gündüz müştəri “ovundadırlar”. Sizin zərərlilik göstəriciləriniz və mətbuatda bu barədə tirajlanan məlumat rəqibləriniz üçün sizə qarşı tutarlı antitəbliğat alətinə çevrilə bilər.   
  1. Əməkdaşlar: Əməkdaşlar hər zaman müəssisənin artan inkişafında maraqlıdırlar. Bir aforizmdə vurğulandığı kimi: “Hər bir əməkdaş şirkətin inkişafında öz şəxsi inkişafını da hiss etməlidir”. Bunun əksi olanda, işçilər demotivə olunur, onlarda  ümidsizlik yaranır və karyera yüksəlişi üçün digər fərqli yollar axtarmağa başlayırlar. Əlacsız qalmış və müəssisədə işini davam etdirmək qərarında olan   əməkdaşların isə faydalı iş əmsalı aşağı düşür.   
  2. Dövlət orqanları: Maliyyə ilini yüksək nəticələrlə başa vurmuş sığortaçı mənfəətə çıxır və mənfəət vergisi ödəyicisi kimi dövlət büdcəsinin formalaşmasında iştirak edir. Əmək müqaviləsi ilə çalışan işçilərin əmək haqqından dövlət sosial müdafiə fonduna məcburi ödəmələr həyata keçirilir. Lisenziya alan sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri müəyyən olunmuş qaydada dövlət rüsumlarını ödəyirlər. Sığorta agentləri və sığorta brokerləri (fiziki və ya hüquqi şəxslər) öz dövriyyələrindən sadələşdirilmiş və ya gəlir vergisi ödəyirlər və s. Bundan başqa, sığortalanmış obyektlərlə bağlı risklərə davamlı nəzarəti (sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində) həyata keçirən sığortaçıların anderrayterləri və ya sürveyerləri birbaşa əməyin mühafizəsi və iş yerlərinin təhlükəsizliyi ilə bağlı bir tərəfdən ƏƏSMN-in əmək müfəttişlərinin, digər tərəfdən FHN-in sahə inspektorlarının işinə yardımçı olmuş olurlar. Sığortaçılar öz fəaliyyətləri ilə bütövlükdə dövlətin sosial siyasətinin uğurla həyata keçirilməsinə əsas və sanballı töhfə verirlər. Bildiyiniz kimi, Azərbaycan BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 Saylı Konvensiyana qoşulmuşdur. Odur ki, sığortaçıların tələbləri ilə iş yerlərini, sığortalanmış obyektləri və s. daim nəzarətdə saxlamalı olan işəgötürənlər eyni zamanda işçilərin də qayğısına qalır və onların təhlükəsiz şəraitdə işləmələrini təmin etmiş olurlar.   
  3. Səhmdarlar: Təsisçi səhmdarlar kimi, adi səhmdarlar da maliyyə ilinin müsbət göstəricilərlə başa çatmasını böyük səbrsizliklə gözləyirlər. İli mənfəətlə başa vuran sığortaçı səhmdarlara divident ödəməlidir. Odur ki, sığortaçının menecmenti il boyu ciddi-cəhdlə çalışmalı və öz səhmdarlarını da razı salmalıdır. A.Smitin məşhur “gözə görünməyən əl” prinsipini burada xatırlamaq yerinə düşərdi: “Hər bir sahibkar iqtisadi fəaliyyət göstərərkən ilk növbədə öz mənfəəti barəsində düşünür. Lakin o, özü də hiss etmədən gözə görünməyən bir əllə idarə olunur və nəticə etibarı ilə cəmiyyətin ümumi mənafeyinə xidmət etmiş olur”. Bu iş, sahibkarların məramından və iradəsindən asılı olmayaraq belə alınır. Əslində isə hər bir sahibkar üçün başlıca məqsəd “pul qoyub-pul götürmək”dən ibarətdir. Sığortaçının idarəetmə orqanları bunu yaxşı bilirlər. Axı, heç bir rəhbər işçi  fərasətsiz müdir kimi ad çıxarmaq və təsisçinin qəzəbinə tuş gəlmək istəməz.

Müəllif:

Şükür Hüseynov

Sığorta təlimçisi       

Son xəbərlər
Digər xəbərlər