OPEC+ ölkələri neft ixracının sutkada 2 milyon barel azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılığa gəlib. “Bloomberg” agentliyinin həmsöhbətlərinin dediyinə görə, əldə olunmuş razılaşmalara əsasən, Səudiyyə Ərəbistanı tədarük azalmasını sutkada 1 milyon barel səviyyəsində saxlamaqda davam edəcək.
2023-cü ilin noyabr ayının sonunda OPEC+ ölkələri neft tədarükünün azaldılmasını uzatmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı neft ixracını sutkada 1 milyon barel azaltmağı, Rusiya azalmanı 500 min barelə çatdırmağı, təşkilatın qalan ölkələri isə birlikdə neft ixracını sutkada 500 min barel azaltmağı öhdəsinə götürüb. Müqavilə 2024-cü ilin mart ayına qədər qüvvədədir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) fevralın 15-də dəsrc etdiyi hesabatda deyilir ki, 2024-cü ilin yanvarında qlobal neft tədarükü kəskin şəkildə sutkada 1.4 milyon barel azalaraq orta hesabla 101.45 milyon barelə düşüb. Agentliyin izah etdiyi kimi, tədarükün azalması OPEC+ ölkələrinin ixracatda yeni könüllü ixtisarlar, eləcə də kəskin soyuq hava ilə əlaqədar Şimali Amerikada neft hasilatında fasilələr fonunda baş verib.