Mərkəzi Banklar həftəsi
Ötən həftə proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin dərcindən sonra dollar major valyutalar qarşısında bahalaşdı.
Cari həftə ərzində isə investorlar FED-in faiz dərəcələrini azaltmağa nə qədər yaxın olduğunu ölçməyə çalışdıqları üçün mərkəzi bankların qərarları fonunda hərəkətli həftə yaşanacaq. Yaponiya Mərkəzi Bankı aylarla davam edən gözləmələrdən sonra mənfi faiz dərəcələrindən çıxmağa hazırlaşır.
FED toplantısı
Keçən həftə ABŞ-da proqnozların üzərində açıqlanan istehsalçı və istehlakçı qiymətləri göstəriciləri investorların FED-in gələcək faiz dərəcələrinin azaldılması ilə bağlı ehtimallarının zəifləməsinə səbəb oldu. Nəticədə, dollar major valyutalar qarşısında bahalaşdı.
İndi bütün gözlər çərşənbə günü keçiriləcək FED toplantısında bankın faiz dərəcələrinin azaldılması, ABŞ iqtisadiyyatının dayanıqlılığı və inflyasiya artımı ehtimalı ilə bağlı fikirlərinə yönəlib.
Bu ayın əvvəlində FED sədri Cerom Pavel, rəsmilərin Federal Ehtiyat Sisteminin 2% hədəfinə doğru “inflyasiyanın davamlı şəkildə irəlilədiyinə dair inamlarının bir qədər artdığını” söylədi. Lakin monetar yumşalmaya getmədən əvvəl inflyasiyanın yavaşladığına dair daha çox sübuta ehtiyacları olduğunu qeyd etdi.
Ancaq analitiklərin böyük bir qismi hələ də FED-in ilin ikinci yarısından etibarən faiz endirimlərinə başlayacağına və il sonuna qədər 2 faiz endirimi reallaşdıracığnı iddia edirlər.
Bazar iştirakçılar həmçinin cari həftə ərzində Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, İlk dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı kimi statistik rəqəmləri də yaxından izləyəcəklər.
Cari həftə ərzində İngiltərə, Türkiyə və İsveçrə mərkəzi banklarının faiz qərarları da investorların diqqət mərkəzində olacaq.
EUR
Ardıcıl 3-cü həftəlik artımdan sonra EURUSD məzənnəsi son həftəni enişlə tamamladı. Ötən həftə Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər fonunda paritet 1.0960 həddini test etdikdən sonra ucuzlaşdı və həftəlik şamını 1.0870 səviyyəsində bağladı.
Təhlillərə əsasən, EURUSD məzənnəsində “buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
İngiltərə Mərkəzi Bankı (BoE), ehtimal ki, ABŞ və ya Avrozonadan daha güclü olan əmək haqqı artımı ilə bağlı məsələyə dair daha aydın bir mənzərənin formalaşmasını gözlədiyi üçün cümə axşamı günü keçiriləcək faiz iclasında daha çox zaman qazanmağa çalışacaq.
Bazarlar hazırda BoE-nin avqust ayında FED və Avropa Mərkəzi Bankından sonra 2008-ci ildən bəri ən yüksək səviyyə olan 5.25%-dən faiz dərəcələrini azaltmağa başlayacağını ehtimal edirlər.
İnvestorlar, BoE-nin faiz dərəcəsini “nəzərdən keçirmə” ritorikasında hər hansı bir fərqliliyin və fevral ayında fikir ayırılığı səbəbindən üçtirəliyin yaranmasından sonra səsvermə nisbətlərində hər hansı bir dəyişikliyin olub olmamasına diqqət yetirəcəklər. Çərşənbə günü açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri də son anda yenidən düşünməyə səbəb ola bilər.
JPY
Çərşənbə axşamı Yaponiya Mərkəzi Bankının (BOJ) toplantısı son illərin ən mühüm görüşlərindən biri ola bilər. Çünki rəsmilər səkkiz illik mənfi faiz dərəcələrinə son verib-verməməyə qərar verəcəklər.
Yaponiyanın “Nikkei” qəzeti şənbə günü yazıb ki, ölkənin ən böyük şirkətləri illik əmək haqqı danışıqlarında son 33 ilin ən böyük maaş artımı ilə bağlı həmkarlar ittifaqları ilə razılaşdıqdan sonra BoJ-un bu həftə mənfi faiz siyasətini dayandırması gözlənilir.
Xəbərdə, BOJ-nin cümə günü mənfi faiz siyasətini sona çatdırmaq üçün bank daxilində və xaricində koordinasiyaya başladığı ifadə edilib.
Mənfi dərəcələrin başa çatması ilə yanaşı, bazarın diqqəti BoJ-nin gələcəkdə faiz artımlarının sürəti ilə bağlı verə biləcəyi hər hansı bir ipucuna çevrilib.
NEFT
Noyabr ayından bəri qiyməti ilk dəfə bir barel üçün 85$-ı ötdükdən bir gün sonra, neft qiymətləri cümə günü bir qədər ucuzlaşdı. Lakin ABŞ-ın neft emalı zavodları planlaşdırılan əsaslı təftişləri tamamladığı üçün neft həftəni 3%-lik artımla tamamladı.
Cari həftədə enerji investorları FED-in çərşənbə günü keçiriləcək iclasını diqqətlə izləyəcəklər. Çünki faiz dərəcələrinin azaldılması ABŞ-da tələb artımı üçün bir fürsət kimi görünür.
Cümə axşamı Beynəlxalq Enerji Agentliyi 2024-cü ildə neft tələbinə dair proqnozlarını noyabr ayından bu yana dördüncü dəfə yüksəltməsinin ardından, Husi hücumlarının Qırmızı dənizdə daşınmalarnı dayandırması neft qiymətlərinin bahalaşmasına dəstək olur.
Qeyd edək ki, bu artım ABŞ dollarının səkkiz həftənin ən yüksək tempi ilə möhkəmlənməsinə baxmayaraq baş verib. Güclü dollar xam nefti digər valyutalardan istifadə edənlər üçün bahalaşdırır.
Analitiklərin ehtimal edirlər ki, “buğalar” qiyməti 86$-in üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 90$-a qədər davam edə bilər.
XAUUSD
Ötən həftə 2195$ həddini test etdikdən sonra, ucuzlaşmağa başlayan qızıl həftəlik şamını 2155$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Mərkəzi Bankların toplantıları fonunda qızıl qiymətlərində kəskin ralli yaşana bilər. “Buğalar” “sarı metal”-ın qiymətini 2150$ həddinin üzərində qoruyub saxlaya bilsələr, bahalaşma 2185$, 2200$ və 2250$ hədlərinə kimi davam edə bilər.
Bitcoin
Bu il ABŞ-da istifadəyə verilən yeni spot “Bitcoin ETF”-lərinə investor tələbi və qlobal faiz dərəcələrinin aşağı salınacağın ehtimallarının təsiri ilə ötən həftə 73760$-ı test edən “Bitcoin” (BTC) Amerikada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin dərcindən sonra kəskin ucuzlaşdı və həftəlik şamını 65590$ həddində bağladı. Hazırda 68310$-dan ticarət olunan BTC-də 74000$ müqaviməti qırılarsa, artım dalğası bir qədər də güclənə bilər..
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
______________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.