“Meqa Sığorta” ASC 2023-cü ili 2 milyon 515 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 3 milyon 778 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Meqa Sığorta”nın xalis mənfəəti illik müqayisədə 33.4% azalıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Meqa Sığorta”nın cəmi gəlirləri 29 milyon 48 min manat, cəmi xərcləri 25 milyon 910 min manat olub. 2022-ci ildə isə sığorta şirkətinin gəlirləri 23 milyon 500 min manat, cəmi xərcləri 18 milyon 789 min manat təşkil edib.
Hesabat dövründə “Meqa Sığorta”nın cəmi aktivləri 51 milyon 713 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 19% çoxdur. Şirkətin öhdəlikləri 70.4% artaraq 22 milyon 354 min manata çatıb, kapitalı 3.4% azalaraq 29 milyon 359 min manata düşüb.
“Meqa Sığorta” ASC-nin hesabladığı sığorta haqları 2022-ci ildə 21 milyon 115 min manat ikən, 2023-cü ildə 33 milyon 778 min manat olub.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).