14 C
Baku
Saturday, November 23, 2024

Türkiyə ilin ikinci yarısından etibarən inflyasiya ilə mübarizəni sürətləndirəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın ortamüddətli inkişaf proqramı çərçivəsində inflyasiyaya son qoymaq əzmində olduğunu açıqlayıb.

Bu barədə Ərdoğan Ankarada prezident sarayında hüquq-mühafizə orqanlarının nümayəndələri ilə iftarda bildirib.

O, ilin ikinci yarısında inflyasiyanın azaldılması planlarını təsdiqləyib.

“Biz iqtisadi sahədə yol xəritəsi olan orta müddətli proqramımızı və 12-ci İqtisadi İnkişaf Planını həyata keçirmək əzmindəyik. Ümid edirəm ki, ilin ikinci yarısında inflyasiyanın azalmasının şahidi olacağıq”.

Qeyd edək ki, Türkiyədə istehlak qiymətlərinin artım tempi mart ayında yenidən sürətlənərək 2022-ci ilin noyabrından bəri yeni maksimuma çatıb. Ölkənin Statistika İnstitutunun (Türkstat) hesabatına görə, martda inflyasiya illik ifadədə 68.5 faiz təşkil edib.

Türkiyədə istehlak qiymətlərinin artımının sürətlənməsinə, əsasən minimum əməkhaqqının yüksəldilməsi səbəb olub ki, bu da ölkədə inflyasiyanın əsas hərəkətverici qüvvəsi olan xidmətlərin kəskin bahalaşması ilə nəticələnib.

Mart ayında ölkədə təhsil xidmətləri ötən ilin analoji dövrü ilə müqayisədə iki dəfədən çox, tibbi xidmətlər 1.8 dəfə, mehmanxana, kafe və restoranlarda qiymətlər 1.9 dəfə, kommunal xidmətlərin qiyməti 1.5 dəfə, nəqliyyat qiymətləri 1.8 dəfə bahalaşıb. Eyni zamanda, ötən ay ərzaq məhsullarının qiyməti 1.7 dəfə, geyim qiymətləri isə 1.5 dəfə artıb.

İnflyasiyanın azaldılması planları çərşənbə günü Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İqtisadi Koordinasiya Şurasının iclasından sonra açıqlanıb. Türkiyə Mərkəzi Bankı 2024-cü ilin sonuna inflyasiyanın 36%-ə qədər azalacağını proqnozlaşdırır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər