Kanada hökuməti Ottavanın fevral ayında dünyanın ən böyük titan istehsalçısı olan Rusiyanın “VSMPO-Avisma” korporasiyasına qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, “Airbus”a bu ölkənin titanından istifadə etməyə icazə verib.
Bu barədə “Reuters” məlumat yayıb.
“Airbus, Kanada hökumətinin VSMPO-ya qarşı tətbiq etdiyi sanksiyalardan xəbərdardır və müvafiq sanksiyalara uyğun fəaliyyət göstərmək üçün lazımi icazələri alıb”, – şirkətin açıqlamasında bildirilir. Kanada hökumətinin nümayəndələri indiyə qədər bu mövzu ilə bağlı şərh verməkdən çəkiniblər.
“Reuters” qeyd edib ki, Kanada hakimiyyət orqanlarından alınan xüsusi icazə “Airbus”a “Airbus A220”nin qismən yığıldığı ölkədəki istehsal obyektlərindən istifadə etmək üçün daha çox sərbəstlik verir. Eyni zamanda, agentliyə müsahibə verən ekspertlərin fikrincə, bu təyyarə modeli “Airbus A350” və “Boeing 787”dən fərqli olaraq çoxlu titan elementləri tələb etmir. Agentlik vurğulayıb ki, “VSMPO-Avisma”ya qarşı sanksiyalar potensial olaraq Rusiya titanından istifadə edərək xaricdə istehsal olunan təyyarələrin Kanadaya ixracında problem yarada bilər. Bu cür hallar üçün səlahiyyətli orqanların xüsusi icazələri də tələb oluna bilər.
“Airbus” əvvəllər dəfələrlə xəbərdarlıq edib ki, Rusiya titanına qoyulan məhdudiyyətlər Qərbin təyyarə sənayesinə ciddi zərbə vura bilər, Rusiya iqtisadiyyatına dəyəcək zərər isə cüzi olacaq.
“Özümüz tətbiq etdiyimiz sanksiyalar özümüzə ciddi ziyan vurmamalıdır”, – Kanadanın hökumət dairələrindəki məlumatlı mənbə “Reuters”ə deyib.