Ötən illə müqayisədə bu il Azərbaycanda çiyələk istehsalı və ixracının həcminin minimum 30-40 faiz artacağı gözlənilir.
Bunu Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının (GİİA) sədri Nemət Seyfullayev deyib.
Onun sözlərinə görə, aprelin əvvəlindən çiyələyin istehsalına, təxminən 1 həftə əvvəl isə ixracına başlanılıb. İstehsal və ixracın artmasının əsas səbəbi əkin sahələrinin genişlənməsi və soyuducu depoların sayının çoxalmasıdır: “Bu il giləmeyvələr üçün əlavə 4 yeni soyuducu depo işə başlayıb. Giləmeyvə çox həssas məhsul olduğundan onun saxlanılması çətinlik yaradır. Adi depolar giləmeyvələrin saxlanılması üçün sərfəli deyil, ona görə də xüsusi depoların yaradılmasına ehtiyac duyulur”.
N.Seyfullayev qeyd edib ki, ötən illərdə olduğu kimi, bu il də çiyələyin əsas ixrac bazarı Rusiya olacaq. Cari ildə Rusiya ilə yanaşı, Qazaxıstan, Türkmənistan və digər MDB ölkələrinə, həmçinin, Körfəz ölkələrinə ixrac nəzərdə tutulur. Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb. Bu istiqamətdə məqsədə çatmaq üçün görüşlər keçirilir, müqavilələr bağlanılır”.